150 saylı marşrutda tısbağa sürətli “EcoBus” - Buzovna sakinləri AYNA-dan şikayətçidir

Bu gün, 08:08           
 150 saylı marşrutda tısbağa sürətli “EcoBus” -
Koroğlu–Bilgəh istiqamətində hərəkət edən 150 saylı marşrut avtobusları ilə bağlı Bakı kəndlərinin – Buzovna və Bilgəh sakinləri narazılıq edirlər.

Bizimesr.az-a müraciət edən sakinlər bildirir ki, uzun illər bu istiqamətdə fəaliyyət göstərən 171 saylı köhnə avtobuslar təxminən bir il əvvəl yenilənərək müasir nəqliyyat vasitələri ilə əvəz olunmuş və marşrut 150 saylı “BakuBus” avtobuslarının istifadəsinə verilmişdi. Bu dəyişiklikdən sonra marşrutdan istifadə edən sərnişinlərin rahatlığı xeyli artmış, sakinlər daha komfortlu nəqliyyatdan yararlanmağa başlamışdılar.

"Daha sonra isə bu istiqamətdə gediş haqqı artırılaraq 80 qəpik müəyyən edildi. Bu qiymət Bakının digər kəndlərinə gedən marşrutların gediş haqqından daha yüksək olsa da, sərnişinlər rahatlıq və daha keyfiyyətli xidmət naminə buna anlayışla yanaşdılar. Lakin son günlərdə vəziyyət yenidən dəyişib"- deyə sakinlər bildiriblər.

Qəsəbə sakinləri deyir ki, bir neçə gündür 150 saylı marşrutda hərəkət edən rahat “BakuBus” avtobusları marşrutdan çıxarılaraq onların yerinə “EcoBus” avtobusları buraxılıb. Bu avtobuslar tamamilə elektrik enerjisi ilə işləyir. Lakin sərnişinlərin sözlərinə görə, Bilgəhdən Koroğlu nəqliyyat qovşağına qədər olan təxminən 40–50 kilometrlik məsafəni olduqca zəif sürətlə qət edirlər. Bildirilir ki, saatda təxminən 40–50 km sürətlə hərəkət edən bu avtobuslar səbəbindən sərnişinlər mənzil başına daha gec çatırlar.

Sakinlər deyir ki, bu qədər uzun məsafəni saatda təxminən 50 km sürətlə getmək olduqca yorucu və vaxt aparıcıdır. Hətta sərnişinlər arasında bu avtobuslara zarafatla “tısbağa avtobusu” deyənlər də var. Onların fikrincə, bu nəqliyyat vasitələri ilə hərəkət etmək xeyli vaxt itkisinə səbəb olur.

Sakinlərin başqa bir narazılığı isə avtobusların qrafik üzrə işləməməsi ilə bağlıdır. Onların sözlərinə görə, marşrut avtobusları bəzən gecikmə ilə gəlir və bu da gündəlik işə gedib-gələn insanlar üçün əlavə çətinlik yaradır.

Sakinlər həmçinin sual edirlər ki, bu avtobusların məhz 150 saylı marşruta buraxılması nə dərəcədə məqsədəuyğundur. Onların fikrincə, əgər məqsəd ekoloji təmiz nəqliyyatın tətbiqidirsə, belə avtobusların daha çox şəhərin mərkəzi hissələrində – ekoloji vəziyyətin daha ağır olduğu ərazilərdə istifadə olunması daha məqsədəuyğun olardı. Çünki Buzovna və Bilgəh yerləşdiyi Xəzər rayonu Bakının nisbətən təmiz havası ilə seçilən ərazilərindən hesab olunur.

Bundan əlavə, sakinlər bildirirlər ki, saatda təxminən 50 km sürətlə hərəkət edən bu avtobusların Aeroport yolu və Zağulba istiqamətində hərəkət etməsi müəyyən risklər də yarada bilər. Çünki bu yollarda nəqliyyat vasitələri adətən daha yüksək sürətlə hərəkət edir və nisbətən yavaş hərəkət edən avtobuslar digər avtomobillər üçün təhlükəli vəziyyət yarada bilər.

Narazılıq doğuran digər məqam isə gediş haqqı ilə bağlıdır. Sərnişinlər bildirirlər ki, 80 qəpik ödəyərək daha sürətli və rahat şəkildə mənzil başına çatmaq istəyirlər. Lakin “EcoBus” avtobusları ilə bu məsafəni qət etmək daha uzun vaxt aparır və bəzən 50 dəqiqədən də çox çəkir.

Digər tərəfdən, marşrutların gediş haqqının artırılması əsasən benzin və dizel yanacağının qiymətinin qalxması ilə izah olunmuşdu. Halbuki “EcoBus” avtobusları elektrik enerjisi ilə işləyir və bu nəqliyyat vasitələrinin istismarı üçün yanacaq xərcləri daha azdır. Bu səbəbdən bəzi sərnişinlər hesab edir ki, belə olan halda gediş haqqına yenidən baxılmalıdır.

Sakinlər bildirirlər ki, mövcud vəziyyət onları ciddi narahat edir və məsələ ilə bağlı aidiyyəti qurumların, o cümlədən AYNA rəhbərliyinin problemin həlli istiqamətində tədbir görəcəyinə ümid edirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]