Azərbaycanda on minlərlə müəllim ixtisar oluna bilər - Çıxış yolu NƏDİR?
17-03-2026, 16:38

"Artıq bir neçə ildir ki, həm qlobal miqyasda, həm də ölkə miqyasında təbii artımda geriləmə və ləngimə müşahidə olunur. Bu, Azərbaycan üçün xarakterik deyil. Çünki Azərbaycanda həm sovet dövrünə qədər, həm də sovet dövründə təbii artım yüksək templə inkişaf edirdi. Özəlliklə sovet dövründə də müharibə itkilərinin yerini doldurmaq üçün motivasiyaedici, həvəsləndirici demoqrafik alətlərdən istifadə olunduğuna görə bir qədər də sanki doğum sayında yüksək statistika özünü göstərirdi. Eyni zamanda o vaxt çoxuşaqlı qadınlar üçün "Qəhrəman ana" statusu müəyyənləşdirilmişdi. Ümumiyyətlə, uşaqlara görə sosial müavinətlər verilirdi və s. tədbirlər var idi".
Bu fikirləri Redaktor.az-a açıqlamasında sosioloq Üzeyir Şəfiyev Azərbaycanda doğum səviyyəsinin aşağı olmasından və bununla əlaqəli gələcəkdə şagird sayının azalması səbəbindən on minlərlə müəllimin ixtisar olunma ehtimalından danışarkən səsləndirdi.
Müsahibimiz vurğuladı ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra sanki insanların düşüncəsində ailə planlaşması ilə bağlı dəyişikliklər baş verdi:
"Çünki insanlar gördülər ki, Avropa ölkələrində, qərb ölkələrində, ümumiyyətlə, dünyada heç də çoxuşaqlı trendi yoxdur. Az uşaq olsun, keyfiyyətli uşaq olsun və normal böyüsünlər, təminatları olsun düşüncəsi artıq Azərbaycan adamına da yansımağa başladı. Buna görə də ailə planlaşmasında bir uşağa, iki uşağa, ən yaxşı halda üç uşağa üstünlük verməyə başladılar. Bu gün statistikaya baxanda görürük ki, Azərbaycanda daha çox ikiuşaqlı ailələr üstünlük təşkil edir. Amma bütövlükdə ləngimə tendensiyası davam edir. Hərçənd Azərbaycan Cənubi Qafqaz ölkələri arasında təbii artıma görə öndə gedir, amma bütövlükdə əvvəlki illərlə müqayisəli təhlil etsək, görərik ki, Azərbaycanda əhali artımında çox ciddi ləngimə var. Son beş ildə ölkə əhalisi 39 min azalıb və son on ildə təbii artımda 60 faizlik bir geriləmə müşahidə olunur. Bununla bağlı dəfələrlə sos-siqnal səsləndirmişik. Çünki təbii artımda ləngimə özü ilə bərabər bir sıra problemlər yarada bilər. Belə ki, təbii artım əgər aşağı düşürsə, o deməkdir ki, mexaniki artım yüksəlir. Mexaniki artım, yəni miqrant axını hesabına əhali çoxala bilər, necə ki, Avropa ölkələrində bu tendensiya var. Miqrantlar Avropada böyük problemə çevrilib. Belə bir tendensiya orta perspektivdə Azərbaycanı təhdid edə bilər, yəni ölkəyə miqrant axını çoxala, əmək bazarına miqrant axını hesabına artım ola bilər. Bunun qarşısını Azərbaycan hökuməti bir sıra alətlərlə almağa çalışır. Azərbaycanda daimi qeydiyyatı olmayan əcnəbilərin Azərbaycan qadınları ilə nikahı, ümumiyyətlə azərbaycanlılarla nikahı ilə bağlı məhdudiyyətlər qoyuldu. Bu yaxşı bir addım idi. Amma bütövlükdə təbii artım aşağı düşürsə, istər-istəməz mexaniki artım arta bilər. Orta perspektivdə səfərbərliklə bağlı bizim problemimizi yarada bilər. Eyni zamanda əmək bazarında, özəlliklə də orta məktəblərdə şagird sayının azalması fonunda müəllimlərin ixtisarı ehtimalı var".
Sosioloqun sözlərinə görə, əhalinin qocalması sindromu ilə qarşı-qarşıya dura bilərik:
"Ahılların sayı əgər ölkə əhalisi içərisində 8 faizdən çoxdursa, bu əhali qoca əhali sayılır. Bu gün Azərbaycanda təqribən 65 yaşdan yuxarı əhalinin sayı ölkə əhalisi içərisində 10–11 faizdir. Bu da artıq bir sos-siqnalı çalır. Düzdür, Azərbaycanda ahıl yaşı "Sosial xidmət haqqında" qanunda göstərildiyi kimi 70 yaş sayılır, ancaq artıq əhalimiz qoca əhali siyahısına daxil ola bilər deyə bilərik. Çünki ahılların sayı ölkə əhalisi içərisində artıq kritik həddədir. Güman ki, bu da dövlət üçün əlavə maliyyə yüküdür. Çünki təqaüdçülərin sayı artır və bu əlavə maliyyə yükü yaradır. Eyni zamanda doğulanların sayı azalır. Bu həm də dolayısı ilə Azərbaycanda keyfiyyətli əhalinin orta perspektivdə sayının azalmasına gətirib çıxara bilər. Bu isə Azərbaycan üçün heç də uyğun deməli perspektiv vəd etmir. Açıqlama o mənaya gəlir ki, Azərbaycanda artıq demoqrafik ləngimə hökumətin ciddi nəzarətindədir. Hökumət yəqin ki, demoqrafik təşviq alətlərindən istifadə edərək məhz mexaniki artımın qarşısını almaq, təbii artımı dəstəkləmək üçün əlavə tədbirlər görəcək. Bunun üçün dünya təcrübəsində örnəklər var. Məsələn, ABŞ-də Donald Tramp administrasiyası 2026–2028-ci illəri əhatə edən bir proqram qəbul etdi. Bu proqrama görə hər yeni doğulan uşağa, xüsusilə də aztəminatlı ailədə doğulan uşağın hesabına pul hesabı açılır, qoyulan pul təqribən min dollar civarında olur. Yaxud da ki, qardaş Türkiyə Respublikasında bələdiyyələr və dövlət qurumları gənclərin toy xərclərini özlərinə götürür. Eyni zamanda Türkiyədə 2025-ci ildə "Ailə ili" çərçivəsində gənc ailələrə, ailə qurmaq istəyən gənclər üçün faizsiz kreditlər ayırırlar, hansı ki, gənclər və gənc ailələr dörd il ərzində onu güzəştli şərtlərlə hissə-hissə ödəməyə başlayırlar. Bu da onların mənzillənməsi üçün şərait yaradır. Yaxud da gənclərin məşğulluğunun təmini ilə bağlı məşğulluq marafonlarının təşkil edilir. Azərbaycanda Güzəştli Mənzil Fondu fəaliyyət göstərir, ancaq bu, gənclər və gənc ailələrin çox məhdud kateqoriyasını əhatə edir, bunu genişləndirmək lazımdır".
Üzeyir Şəfiyevin fikrincə, Azərbaycanda "uşaq pulu" adlanan sosial müavinətləri bərpa etmək yaxşı olardı:
"Azərbaycanda beşdən çox uşağı olan ailəyə çoxuşaqlı ailə deyirlər. Təklif var ki, beşdən çox uşağı olan ailəyə çoxuşaqlı deməsinlər, üçdən çox uşaqlı ailəyə çoxuşaqlı ailə desinlər. Belə olan halda da şübhəsiz ki, beşuşaqlı ailəyə şamil olan imtiyazlar üçuşaqlıya da şamil olacaq. Bu o deməkdir ki, Azərbaycanda gənc ailələr artıq ailə planlaşmasında ən azı üç uşağa üstünlük verəcəklər ki, o imtiyazlardan istifadə etsinlər, bəhrələnsinlər. Yaxşı olar ki, hər uşağa görə diferensial sosial müavinətlər müəyyənləşdirilsin. Çoxuşaqlı ailəlilərin əmək bazarında və cəmiyyətdə bir qədər imtiyazlarını artırmaq olar ki, ailə dəyərlərinə, ailə institutuna hörmət artsın. Eyni zamanda mətbuatda, sosial mediada ailə dəyərlərini dağıdan, subaylığa təşviq edən, boşanmanı təşviq edən paylaşımların qarşısını almaq lazımdır ki, gənclərdə ailə qurmağa maraq artsın. Gənclər arasında bir qədər də bu ailə dəyərlərini təşviq etmək lazımdır. Çünki gənclər arasında həm də "subaylıq sindromu" yayılıb, Yaponiya və Çində olduğu kimi, əfsuslar olsun ki, belədir. Boşanmaların statistikası da gənclərin ailə qurmağına bir az qorxu yaradır, qorxurlar ki, onlar da boşana bilərlər. İndi belə çoxlu dəstək layihələri etmək olar ki, məhz təbii artımda ləngiməni aradan götürmək mümkün olsun".
Xatırladaq ki, Milli Məclisin ötən iclasında vitse-spiker Əli Əhmədov məktəblərdə şagird çatışmazlıına görə 50 min müəllimin ixtisar olunması ehtimalından danışıb.

