Mənzil bazarında bahalaşma: Kirayələr nə qədər artıb? - BELƏ DAVAM EDƏRSƏ...

Bu gün, 17:26           
Mənzil bazarında bahalaşma: Kirayələr nə qədər artıb? - BELƏ DAVAM EDƏRSƏ...
Yeni tədris ilinin başlamasına sayılı həftələr qaldıqca Bakıda kirayə mənzil axtaranların sayı da artır.

Xüsusilə, tələbələrin paytaxta axını hər il olduğu kimi, avqust-sentyabr aylarında kirayə bazarında canlanma yaradır.

Məhz yeni mənzil axtaranların sayının artması bəzi ərazilərdə kirayə qiymətlərinin yüksəlməsinə səbəb olur.

Bəs hazırda Bakının kirayə mənzil bazarında vəziyyət necədir?

“Cebheinfo.az” xəbər verir ki, yeni daşınmaz əmlak elanlarında ən yüksək qiymətlər əsasən şəhərin mərkəzinə yaxın və metro stansiyalarının ətrafında müşahidə olunur.

Xüsusilə 28 May, Gənclik, Nəriman Nərimanov, Sahil və İçərişəhər ərazilərində kirayə mənzillərin qiyməti digər ərazilərlə müqayisədə daha yüksəkdir.

Məsələn, hazırkı elanlar arasında “28 May” metrostansiyası ətrafında yeni tikili binanın 14-cü mərtəbəsində yerləşən, 101 kvadratmetr sahəsi olan 2 otaqlı mənzil 1000 manata təklif olunur.

“Nəriman Nərimanov” metrostansiyası ərazisində isə köhnə tikili binanın 5-ci mərtəbəsində yerləşən, 57 kvadratmetr sahəsi olan orta təmirli mənzilin aylıq kirayəsi 700 manatdır.

Eyni ərazidə daha geniş mənzillərə də nisbətən yüksək qiymətlər qoyulur. “Nəriman Nərimanov” metrosu yaxınlığında yeni tikili binanın 20-ci mərtəbəsində yerləşən, 130 kvadratmetr sahəsi olan 3 otaqlı mənzil 950 manata kirayə təklif edilir.

Gənclik ərazisində də qiymətlər yüksəkdir. Məsələn, 70 kvadratmetrlik 2 otaqlı yeni tikili mənzil üçün 1000 manat aylıq kirayə tələb olunan elanlar mövcuddur.

28 May ətrafında isə 75 kvadratmetrlik 2 otaqlı yeni tikili mənzil üzrə 700 manat, 80 kvadratmetrlik 3 otaqlı mənzil üzrə isə 850 manat kirayə qiyməti göstərilən elanlara rast gəlinir.

Mərkəzdən bir qədər uzaq ərazilərdə qiymətlər nisbətən aşağıdır. Məsələn, Əhmədli ərazisində 2-3 otaqlı mənzillərin kirayə qiymətləri təxminən 500-900 manat aralığında dəyişir.

İnşaatçılar ərazisində isə son elanlarda 2 otaqlı mənzillər üçün 550-700 manat, 3 otaqlı mənzillər üçün isə 850 manat civarında qiymətlərə rast gəlinir.

Elmlər Akademiyası ətrafında da qiymətlər mənzilin sahəsi, təmiri və yeni və ya köhnə tikili olmasından asılı olaraq dəyişir.

Məsələn, 63 kvadratmetrlik 2 otaqlı yeni tikili mənzil 730 manata, 65 kvadratmetrlik köhnə tikili 2 otaqlı mənzil isə 900 manata təklif olunur.

İçərişəhər və şəhərin digər mərkəzi hissələrində də qiymətlər yüksək olaraq qalır. Son elanlarda İçərişəhər metrosu yaxınlığında 2 otaqlı mənzillər üçün 700-780 manat civarında qiymətlər göstərilib.

Beləliklə, kirayə mənzil bazarında qiymətə təsir edən əsas amillərdən biri mənzilin yerləşdiyi ərazinin şəhər mərkəzinə və metro stansiyalarına yaxınlığıdır.

Bununla yanaşı, mənzilin yeni və ya köhnə tikili olması, sahəsi, təmir vəziyyəti, mərtəbəsi və əşyalı olub-olmaması da qiymətin formalaşmasına ciddi təsir edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru