Babur fenomeni: məğlubiyyətdən imperiyaya gedən türk taleyi
28-12-2025, 00:03

Tarixdə elə fiqurlar var ki, onlar yalnız dövlət qurmur, bir mədəniyyətin və siyasi tipin simvoluna çevrilir. Zəhirəddin Məhəmməd Babur məhz belə şəxsiyyətlərdəndir. O, nə təkcə Moğol imperiyasının banisi, nə də Hindistan tarixinin yad hökümdarıdır. Babur türk siyasi taleyinin klassik modelini təcəssüm etdirən bir fenomendir: məğlub olan, köç edən, uyğunlaşan və sonda imperiya quran türk modeli.
Məğlub hökmdardan imperiya qurucusuna. Babur Fərqanədə taxtını itirmiş bir hökmdar idi. Orta Asiyada Şeybani xanla mübarizədə uduzdu, Səmərqəndi əldən verdi, siyasi baxımdan sıxışdırıldı. Lakin Babur məğlubiyyəti sonluq yox, istiqamət dəyişikliyi kimi oxudu. Türk tarixində bu, tez-tez rast gəlinən fenomendir: mərkəzdə uduzan türk, periferiyada imperiya qurur.
Baburun Hindistana yönəlməsi təsadüf deyildi. Hindistan zəngin, parçalanmış, siyasi baxımdan zəifləmiş bir məkan idi.
Türk hərbi təşkilatlanması və dövlətçilik təcrübəsi bu coğrafiyada üstünlük qazandı. 1526-cı ildə Panipat döyüşü təkcə bir sülalənin yox, bir sivilizasiya modelinin qələbəsi idi.
Türk kimliyi, fars dili, islam mədəniyyəti Babur fenomeninin ən maraqlı tərəfi onun çoxqatlı kimliyidir. O, etnik baxımdan türk, mədəni baxımdan fars təsirli, dini baxımdan isə müsəlman idi.
Babur öz xatirələrini – Baburnaməni – çağatay türkcəsində yazdı. Bu fakt simvolikdir. Çünki o, siyasi hakimiyyəti Hindistanda qursa da, ruhi və mədəni mərkəzini türk dünyasında saxladı. Sonrakı Moğol hökmdarları fars dilinə keçsələr də, Baburun türk kimliyi imperiyanın genetik koduna çevrildi.
Bu, türk tarixində tez-tez görünən paradoksdur: Türk hakim olur, amma mədəniyyət farslaşır. Lakin bu farslaşma assimilyasiya deyil, idarəçilik alətidir.
Babur və Pakistan coğrafiyası. Bugünkü Pakistan əraziləri Babur fenomeninin ən real izlərini daşıyan məkandır. Lahor, Multan, Peşəvər kimi şəhərlər Moğol imperiyasının hərbi dayaqları, inzibati mərkəzləri, mədəni ocaqları idi.
Babur imperiyası Hindistanı türkləşdirmədi, amma Pakistan coğrafiyasını imperiyanın onurğa sütununa çevirdi. Bu səbəbdən Pakistanda Babur yad fiqur kimi yox, dövlət quran ata obrazı kimi xatırlanır. Niyə Babur bugünkü Pakistan ərazisini türkləşdirə bilmədi? Bu sual tez-tez verilir, amma cavabı sadədir: iqtidarda olan türk sülaləsi azlıq idi, yerli əhali çoxluq təşkil edirdi, imperiya inklüziv idi, əsas məqsəd idarəetmə idi, etnik homogenləşmə (vahidləşmə, eyniləşmə prosesi) yox. Babur fenomeni burada bir qədər fərqli formada üzə çıxr:Türk imperiya qurur, amma millət yaratmağa çalışmır. Təximinən Misirdəki türk mənşəli məmlük hökmdarları kimi...
Bu, Avropa millət–dövlət modelindən fərqli, klassik türk imperiya yanaşmasıdır.
Babur fenomeninin müasir anlamı. Babur təkcə keçmişin fiquru deyil. O, bu gün də Türkiyənin Orta Asiya siyasətində, Azərbaycanın imperiya yaddaşında, Pakistanın dövlətçilik tarixində dolayı şəkildə yaşayır.
Babur modeli bizə göstərir ki, coğrafiya dəyişə bilər, dil mühiti dəyişə bilər, mədəniyyət sintezə girə bilər,
amma siyasi iradə və dövlət qurmaq bacarığı türkdə davamlıdır.
Babur fenomeni türk tarixinin bir güzgüsüdür. O güzgüdə məğlubiyyətdən doğan imkan, köçdən yaranan imperiya, kimlikdən doğan çeviklik əks olunur.
Babur sübut etdi ki, türk üçün torpaq müqəddəsdir, amma dövlət daha müqəddəsdir. Harada qurulursa-qurulsun, dövlət varsa, türk var. Ona görə də Babur uduzan hökümdar yox, uduzmaqdan imperiya yaradan türk ağlı idi. Və bu türk ağlı indi də işıq saçır. Dünya türklərini bir araya gətirənlər arasında Babur da var, onun parlaq ağlı da...
Elbeyi Hesenli
TEREF

