Biz İran təbəəsi olmamışıq, İran coğrafiyasında dövlət olmuşuq
30-12-2025, 00:05

Uzun müddət çar təbəəsi olduğumuzu söyləməyim, baxıram ki, bəzi dostlarımızın qürurunu oxşasa da, bəzi dostlarımızın da qüruruna toxunub. “İran təbəəsi qalsaydıqmı yaxşıydı” deyə rişxəndlə sual verirlər.
Möhtərəm insanlar, biz İran təbəəsi olmamışıq, İran coğrafiyasında dövlət olmuşuq. Həm də 960 il! Səfəvilərin cəhalətinə gəlincə, XVI əsrdə, yəni Səfəvilər ortaya çıxanda bütün dünya o gündəydi, yəni dünyanın yerdə qalanı aya uçurdu, səfəvilər ələm uçururdular deyə bir gerçəklik yox.
Şiəliyə gəlincə, Səfəvilər şiəliyin əvvəli deyil, sonudur. Şiəlik IX-X əsr hadisəsidir və islamın elmiləşməsində, fəlsəfiləşməsində, hətta dünyəviləşməsində ən böyük rolu Sasani mədəniyyətindən gələn şiə alimləri oynayıblar. Lui Massinonun 800 səhifəlik “Mənsur Həllacın əzabı” kitabında bu barədə dövrün əlyazmalarına istinadən geniş bilgi var.
Şiəlik xaç yürüşlərinə qatılan "məbəd cəngavərləri"nin siyasi strategiyasına çevriləndən sonra elmilikdən, fəlsəfilikdən, dünyəvilikdən uzaqlaşdı. Düzdür, bir çox tarixçilər şiəliyin, ümumiyyətlə, ideoloji tərəf kimi ortaya çıxışını Avropa orientalizminin ilk addımı kimi də dəyərləndirirlər.
Bir vaxtlar Roma zadəganları uşaqlarına yunan müəllimlər tutuqları kimi Osmanlı zadəganları da uşaqlarına dərs keçmək üçün İran, əsasən fars mənşəli müəllimlər dəvət edirdilər.
Səfəvilərin şiələşdirilmiş Sasani imperiyasının törəməsi kimi ortaya çıxdığı dövrdə Rusiyaya baxın. Bu dövr rus tarixində “qaranlıq dövr” kimi qeyd olunur. Polyaklar, tatarlar axın-axın Moskvaya gəlirlər ki, özlərinə dövlət qursunlar. Ortada, sadəcə, başıpozuq rus xalqı var, dövlət adına heç bir şey yoxdur.
Bir ovuc kitab oxuyan azərbaycanlını 960 il İranı idarə edən türklərə qarşı qoymaq bir az özünü danmaq kimi gəlir mənə. Hətta rus məmuru olduğu halda Bakıxanov da “Gülüstani İrəm” əsərini farsca yazıb ruscaya tərcümə etmişdi.
Ruslar bizi aydınlatdılar, İranda qalsaydıq cəhalətdə qalacaqdıq. Belə bir gerçəklik yoxdur. Əvvəla, İran adlı dövlət Birinci Dünya müharibəsindən sonranın söhbətidir. Tarixdə İran adlı dövlət olmayıb. İran coğrafiyanın adıdır.
İkincisi, ruslar özləri aydınlanırdılar, küləyi bizə də toxundu.
Üçüncüsü, Səfəvilərin varisi Əfşarlar idi. O əfşarlar ki, Hindistana qədər gedib çıxmışdılar. Biz İran coğrafiyasında bu dövlət gücünü qoruya bilsəydik, bu gün hər həftə üç Axundov, iki Üzeyir Hacıbəyli, beş Cəlil Məmmədquluzadə çıxaracaqdıq ortaya.
Игидай Дадашов
TEREF

