Əfqanların daxili mübarizəsi isə Dost Məhəmməd xanın qələbəsi ilə yekunlaşdı.

15-01-2026, 08:14           
Əfqanların daxili mübarizəsi isə Dost Məhəmməd xanın qələbəsi ilə yekunlaşdı.
13 yanvar 1842-ci il, Kabildən geri çəkilərkən qırılan ingilislərin sonuncu qrupu Qandamak kəndi yaxınlığında əfqanlarla son döyüşə girir.
1838-ci ildə Birinci ingilis-əfqan müharibəsi başladı. İngilislər Dürrani sülaləsindən şah Şüca və Barakzay soyundan Dost Məhəmməd xan arasındakı hakimiyyət savaşından istifadə edərək Əfqanıstana girdilər. Onların qüvvəsi 21 min ingilis və hindlidən ibarət idi.
Hərbi əməliyyatlar əvvəlcə avropalılar üçün uğurlu keçdi və onlar 1839-cu ilin avqustunda Kabili tutdular. İngilislərin ilkin planına görə, şah Şücanın hakimiyyətini bərpa edəndən sonra ölkədən çıxacaqdılar. Amma Şüca ölkədə qeyri-populyar idi. Buna görə də ingilislər qüvvələrinin bir hissəsini Əfqanıstanda saxlamalı oldular.
Müharibə onların düşündüklərindən daha uzunmüddətli xarakter aldı. Dost Məhəmməd xan da bəzi döyüşlərdə onları məğlub etdi. Doğrudur, sonra əsir düşdü.
1841-ci il noyabrın 2-də Kabildə üsyan başladı. İki ay sürən müqavimətdən sonra şəhərdəki ingilis qarnizonu buradan çıxaraq Cəlalabadda doğru hərəkət etməyi qərara aldı.
Kabildə 4500 nəfərlik qarnizon vardı, onun 690-ı ingilis, qalanı hindli idi. Hərəkət yanvarın 6-da başladı. Qarnizonu 12 min nəfərlik mülki şəxslər, qadınlar, uşaqlar müşayiət edirdi.
Üsyançıların başçısı Əkbər xan ingilis general Elfonstounu əmin etdi ki, təhlükəsizliklərini təmin edəcək. Amma ingilislər və hindlilər bütün yol boyu hücuma, hündürlüklərdən atəşə məruz qaldılar. Üstəlik, xeyli adam şaxtadan dondu.
Əli silah tutan ingilislərin sonuncu dəstəsi - 20 zabit və 45 əsgər - Cəlilabaddan təxminən 55 km aralıdakı Qandamak kəndi yaxınlığında mühasirəyə alındılar. Onların cəmi 20 işlək muşketi və hər silahdan cəmi iki dəfə atəş açacaq sayda güllələri vardı. Buna baxmayaraq, əfqanların təslim barədə təklifini rədd etdilər. Qısa döyüşdən sonra 9 nəfər əsir alındı, qalanları öldürüldü.
Həmin gün 16,5 min nəfərlik qafilədən yanız bir nəfər, cərrah köməkçisi Uilyam Braydon Cəlalabada gəlib çatdı. Ondan ordunun harada olduğunu soruşanda “Ordu mənəm” cavabını verdi. Ətraflarda gizlənməklə canlarını qurtaran bir neçə hindli sonrakı günlər gəldi. Avropalılardan isə Braydondan başqa gələn olmadı.
İngilislər 1842-ci ilin payızında Kabil üzərinə “İntiqam ordusu” göndərdilər. Ordu Kabilə divan tutdu. Əsirlikdə olan ingilislərdən 21 zabit, 50-dən çox əsgər, 21 uşaq və 12 qadın azad edildi. Azad edilən hərbçi və mülki hindlilərin sayı 2000-dən çox idi. General Elfinstoun isə daha əvvəl, apreldə əsirlikdə ölmüşdü.
Elfinstoun ordusunun darmadağın edilməsi ingilis hərb tarixinin ən rüsvayçı səhifələrindən biri sayılır.
Əfqanların daxili mübarizəsi isə Dost Məhəmməd xanın qələbəsi ilə yekunlaşdı. Barakzay sülaləsi 1973-cü ilə kimi hakimiyyətdə oldu.
P. S. Dost Məhəmmədin anası Cavanşir tayfasından azərbaycanlı olub
"Tarixçi" whatsapp kanalı
https://whatsapp.com/channel/0029Vb6KJAEL2ATpevBzD90l
"Tarixçi" teleqram kanalı
https://t.me/yadigarsadigli
Yadigar Sadıqlı
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru