Türkiyədə noyabrda erkən seçki keçirilə bilər
Bu gün, 00:07

Türkiyədə növbədənkənar parlament və prezident seçkilərinin keçirilməsi ehtimalı yenidən gündəmə gəlib.
Bizimesr.com Türkiyə mətbuatına istinadən bildirir ki, hakim partiya olan Ədalət və İnkişaf Partiyası (AKP) daxilində noyabr ayında erkən seçkilərin keçirilməsi ilə bağlı müzakirələr aparılır.
Bildirilir ki, AKP rəhbərliyi son dövrlərdə həyat səviyyəsinin aşağı düşməsindən narazı olan təqaüdçülər və aztəminatlı vətəndaşların dəstəyini yenidən qazanmaq məqsədilə geniş sosial yardım paketi hazırlayır.
Məlumata əsasən, oktyabr ayında minimum pensiyanın 36 min türk lirəsinə çatdırılması nəzərdən keçirilir. Bununla yanaşı, mənzil-kommunal xidmətlər, kirayə haqları və digər sosial sahələr üzrə əlavə subsidiyaların tətbiqi planlaşdırılır.
Mənbələrin sözlərinə görə, sosial dəstək paketinin qüvvəyə minməsindən sonra noyabr ayında erkən seçkilərin elan edilməsi variantı qiymətləndirilir. Hakim partiyada hesab edirlər ki, bu addım sosial ödənişlərin yaratdığı müsbət ictimai rəydən maksimum faydalanmağa imkan verə bilər.
Bununla belə, AKP daxilində məsələyə münasibət birmənalı deyil. Bəzi partiya funksionerləri iqtisadi göstəricilərdə ciddi yaxşılaşma olmadan erkən seçkiyə getməyin riskli ola biləcəyini düşünürlər. Digərləri isə sosial paketlərin təsirindən istifadə edərək seçkilərin daha tez keçirilməsinin tərəfdarıdırlar.
Qeyd olunur ki, mümkün erkən seçkilərlə bağlı yekun qərar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən veriləcək.
Xatırladaq ki, Ərdoğan bundan əvvəl ölkə konstitusiyasında dəyişikliklərin edilməsinin vacibliyini vurğulamış və əsas qanunun Türkiyənin mövcud siyasi reallıqlarını əks etdirməsinin zəruri olduğunu bildirmişdi.

