Antibiotik qəbulundan sonra edilən ən böyük səhv - Həkim açıqladı
Bu gün, 17:37

Antibiotik və ya ağrıkəsici qəbul etdikdən sonra bir çox insan bitki çayları, qida əlavələri və müxtəlif detoks proqramları vasitəsilə orqanizmini "təmizləməyə" çalışır. Lakin mütəxəssislər bildirirlər ki, əksər hallarda bu üsulların heç bir elmi əsası yoxdur.
Rusiyalı həkim-terapevt Svetlana Burnatskaya "İzvestiya"ya açıqlamasında dərmanların orqanizmdə toplanaraq tədricən zəhərlənməyə səbəb olması ilə bağlı fikirlərin əsasən mif olduğunu deyib.
Həkimin sözlərinə görə, insan orqanizmində qaraciyər və böyrəklərin əsas rol oynadığı təbii zərərsizləşdirmə sistemi mövcuddur.
"Qaraciyər bir çox maddəni sonradan orqanizmdən xaric olunması üçün uyğun formaya salır. Böyrəklər isə qanı süzərək maddələr mübadiləsinin məhsullarını sidik vasitəsilə bədəndən xaric edir. Dərmanların bir hissəsi ağciyərlər və bağırsaqlar vasitəsilə də orqanizmdən çıxarılır. Preparatların əksəriyyəti üçün bu proseslər yaxşı öyrənildiyindən, müalicə sxemləri və dozalar təsiredici maddələrin orqanizmdə qalma müddəti nəzərə alınaraq müəyyən edilir", - deyə Burnatskaya bildirib.
Bununla belə, o qeyd edib ki, xroniki qaraciyər və böyrək xəstəlikləri olan şəxslərdə, eləcə də yaşlı insanlarda dərmanların orqanizmdə toplanaraq toksik təsirlərə səbəb olması mümkündür.
Mütəxəssis vurğulayıb ki, həkim nəzarəti olmadan eyni vaxtda çoxsaylı preparatların qəbulu, təyin olunan dozanın aşılması və ya dərmanların uzun müddət istifadə edilməsi bu riski daha da artırır. Xüsusilə bəzi ağrıkəsicilər, qıcolma əleyhinə preparatlar və müəyyən antibiotiklər qəbul edilərkən ehtiyatlı olmaq lazımdır.
Həkim mümkün intoksikasiyanın əlamətlərinə də diqqət çəkib. Bunlara gözlərin və dərinin saralması, güclü halsızlıq, ürəkbulanma, qusma, şiddətli qaşınma, sidiyin tünd rəng alması və miqdarının azalması, şişkinlik, yuxululuq, şüurun bulanması və ürək ritminin pozulması daxildir.
Bu əlamətlərdən hər hansı biri müşahidə olunduqda, dərhal həkimə müraciət etmək tövsiyə edilir.
Burnatskaya, həmçinin müalicə dövründə spirtli içkilərdən istifadə edərkən ehtiyatlı olmağın vacibliyini vurğulayıb. Onun sözlərinə görə, alkoqolun bəzi dərmanlarla birlikdə qəbulu qaraciyərin toksik zədələnməsi riskini artıra bilər.

