19 yaşında yataqxanada biznes qurdu: 1 000 dollarlıq ideya milyardlıq imperiyaya çevrildi

Bu gün, 16:38           
19 yaşında yataqxanada biznes qurdu:
Michael Dell-in biznes hekayəsi texnologiya dünyasında ən diqqətçəkən uğur nümunələrindən biridir. O, 1984-cü ildə cəmi 19 yaşında, Texas Universitetində tələbə olarkən 1 000 dollar kapitalla kompüter biznesinə başlayıb.

Dell uşaqlıqdan kompüterlərə maraq göstərirdi. Universitetə daxil olduqdan sonra isə kompüterlərin quruluşunu və bazardakı satış modelini daha yaxından öyrənməyə başlayıb. O dövrdə kompüterlər əsasən mağazalar və digər vasitəçilər üzərindən satılırdı. Dell isə bu sistemin məhsulu bahalaşdırdığını düşünürdü.

Yataqxanadan başlayan biznes

Dell əvvəlcə universitet yataqxanasında kompüterlər üçün təkmilləşdirmə dəstləri hazırlayıb satırdı. Daha sonra fərdi kompüterləri müxtəlif istehsalçıların hissələrindən yığaraq müştərilərə birbaşa satmağa başlayıb.

Onun əsas fərqi kompüterləri əvvəlcədən böyük həcmdə istehsal edib mağazalara göndərmək əvəzinə, müştərinin sifarişindən sonra hazırlamaq idi. Bu yanaşma inventar xərclərini azaltmağa və alıcılara kompüterlərini ehtiyaclarına uyğun seçmək imkanı verməyə kömək edirdi.

Stanford Universitetinin məlumatına görə, Dell 1984-cü ildə cəmi 1 000 dollarla biznesini qurub və universitet yataqxanasından kompüter satmağa başlayıb.

İlk il milyonlarla dollar satış

Biznes gözləniləndən daha sürətlə böyüyüb. "Forbes"in məlumatına görə, Dell 19 yaşında universitet yataqxanasında kompüter satmağa başlayıb və birinci kursunun sonunda təxminən 80 000 dollar ümumi gəlir əldə edib.

Lakin Dellin yeni paylaşdığı 1984-cü il maliyyə sənədi biznesin miqyasının daha da böyük olduğunu göstərir. Sənədə əsasən, həmin ilin iyuluna qədər şirkətin satışları 1 milyon dollara yaxınlaşıb. Bu dövrdə ümumi mənfəət 198 000 dollar, xalis mənfəət isə 134 762,75 dollar təşkil edib.

İlin sonunda isə şirkətin satışları 6 milyon dollara çatıb. Bu nəticələr Dell-i universitet təhsilini davam etdirmək əvəzinə bütün diqqətini biznesinə yönəltməyə vadar edib.

Birbaşa satış modeli

Dellin uğurunun əsas səbəblərindən biri birbaşa satış strategiyası idi. Şirkət ənənəvi pərakəndə satış zəncirindən yan keçərək kompüterləri birbaşa müştərilərə təklif edirdi.

Bu model Dellə həm xərcləri azaltmağa, həm də müştərinin sifarişinə uyğun kompüter hazırlamağa imkan verirdi. "TIME da Dell"in biznes modelinin əsasını birbaşa istehlakçıya satış və sifariş əsasında istehsalın təşkil etdiyini qeyd edir.

Dell sonradan şirkətini sürətlə böyüdərək onu qlobal texnologiya nəhənginə çevirib. 1988-ci ildə şirkət birjaya çıxıb, daha sonra isə fərdi kompüterlərlə yanaşı server, məlumat saxlama sistemləri və digər texnologiya məhsullarına keçib.

"Dell Technologies"ə çevrildi

Bu gün Michael Dell-in qurduğu biznes "Dell Technologies" adı ilə fəaliyyət göstərir və kompüterlərlə yanaşı, şirkətlər üçün serverlər, məlumat saxlama sistemləri və süni intellekt infrastrukturu təqdim edir.

"Dell Technologies" 2016-cı ildə EMC ilə 60 milyard dollarlıq birləşmədən sonra formalaşıb.

Şirkətin səhmlərinin yüksəlməsi son illərdə Michael Dellin şəxsi sərvətinə də ciddi təsir göstərib. Forbes-in real vaxt reytinqinə görə, 2026-cı ilin iyulunda onun sərvəti təxminən 234,4 milyard dollar olub və Dell dünyanın ən varlı insanları arasında 5-ci pillədə qərarlaşıb.

Beləliklə, 19 yaşında yataqxana otağında 1 000 dollarla başlayan biznes ideyası dörd onillik ərzində dünyanın ən böyük texnologiya şirkətlərindən birinə çevrilib. Dell-in hekayəsi isə əsasən böyük kapitaldan deyil, mövcud bazardakı problemi fərqli üsulla həll etməkdən başlayan biznes modelinin necə qlobal şirkətə çevrilə biləcəyini göstərir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru