ABŞ-də senatorlar Venesuelaya güc tətbiqinə qarşı qətnamə təqdim ediblər
4-12-2025, 16:08
ABŞ senatorları Tramp Administrasiyasından qanunvericilik təsdiqi olmadan Venesuelaya qarşı hərbi güc tətbiqindən çəkinməyi nəzərdə tutan qətnamə təqdim ediblər.
Bu barədə ABŞ qanunverici orqanının yuxarı palatasının üzvü Tim Keynin şəxsi saytında məlumat verilib.
Sənəd Keynlə yanaşı digər senatorlar - Rend Pol, Adam Şiff və Çak Şumer tərəfindən hazırlanıb. Qətnamənin məqsədi ABŞ ordusunun Konqresin icazəsi olunmadan Venesuelada hərbi əməliyyatlarda iştirakının qarşısını almaqdır.
Pol bildirib ki, amerikalılar ictimai müzakirələr və ya səsvermə olmadan Venesuela ilə sonsuz müharibəyə cəlb edilmək istəmirlər.
Qətnamədə vurğulanır ki, ABŞ-də müharibə elan etmək səlahiyyəti yalnız qanunverici orqan olan Konqresə məxsusdur.
Sənəddə Konqresin Venesuelaya müharibə elan etmədiyi və bu ölkəyə qarşı hərbi güc tətbiqinə icazə vermədiyi vurğulanır.
Həmçinin deyilir ki, rəsmi Vaşinqton Venesuelaya qarşı güc tətbiqini dayandırmalıdır.