Macarıstanda Orban əleyhinə kütləvi etiraz - uşaq zorakılığı qalmaqalı ölkəni silkələdi
15-12-2025, 09:14

Macarıstanda minlərlə insan Baş nazir Viktor Orbanın ofisinə doğru yürüş edərək hökumətə qarşı etiraz aksiyası keçirib.
"Reuters" agentliyinin məlumatına görə, etirazlara səbəb yetkinlik yaşına çatmayanların saxlanıldığı dövlət mərkəzində baş verən zorakılıq qalmaqalı olub.
Müxalifət lideri Peter Madyar aksiyada çıxış edərək Orbanı istefaya çağırıb. O bildirib ki, baş nazir “dövlətin himayəsində olan uşaqları qoruya bilməyib” və bu, siyasi məsuliyyət tələb edir.
Qalmaqala səbəb olan videogörüntülər bu həftənin əvvəlində yayılıb. Tarixi dəqiqləşdirilməyən videoda Budapeştdəki yetkinlik yaşına çatmayanlar üçün islah müəssisəsinin keçmiş müvəqqəti rəhbərinin uşaqlara qarşı açıq zorakılıq törətdiyi görünür. Kadrlarda məmurun yerə uzanmış uşağı təpiklə vurduğu, digər uşağın isə başını masaya çırpdığı əks olunub.
Macarıstan prokurorluğu bildirib ki, sözügedən dövlət müəssisəsində yeddi nəfər saxlanılıb və araşdırma davam edir.
Baş nazir Viktor Orban isə Mandiner agentliyinə verdiyi müsahibədə hadisəyə münasibət bildirərək zorakılığı “qəbuledilməz və cinayət xarakterli” adlandırıb. Bununla belə, etirazçılar və müxalifət Orbanın açıqlamasını yetərli hesab etmir və siyasi məsuliyyət tələb edir.

