BMT-dən kritik açıqlama: "Beş ildən sonra İİV-ə yoluxanların sayı üç milyona çatacaq"
Bu gün, 17:34

İİV (İnsanın İmmunçatışmazlığı Virusu) infeksiyası ilə mübarizə üzrə beynəlxalq proqramların maliyyələşdirilməsinin kəskin azalması dünyada epidemiyanın yeni dalğasının yaranmasına gətirib çıxara bilər.
Bu barədə Birləşmiş Millətlər Təşkilatının İİV/QİÇS üzrə Birləşmiş Proqramının (UNAIDS) hazırladığı hesabatda məlumat verilib.
"İİV-lə mübarizənin beynəlxalq səviyyədə maliyyələşdirilməsi 1.5 milyard dollardan çox azalaraq 2024-cü ildəki 8.8 milyard dollardan 2025-ci ildə 7.3 milyard dollara düşüb. Bu isə 18% azalma deməkdir və son iki onillik ərzində qeydə alınan ən aşağı göstəricidir".
Bildirilir ki, 2025-ci ildə İİV-ə yeni yoluxma halları 1.2 milyona çatıb, QİÇS-lə bağlı xəstəliklər isə təxminən 570 min insanın həyatına son qoyub. Qlobal hədəflərin tam yerinə yetirilməməsi səbəbindən vəziyyət narahatlıq doğurmağa davam edir. Əgər fəal tədbirlər görülməsə, 2030-cu ilə qədər daha 3 milyondan çox insanın bu virusa yoluxacağı ehtimal edilir.
Tədqiqatların nəticələrinə əsasən, İİV-in profilaktikası proqramlarının əksəriyyəti məhz beynəlxalq mənbələr hesabına fəaliyyət göstərib. Məsələn, Böyük Səhradan cənubda yerləşən Afrika ölkələrində bu cür layihələrə ayrılan vəsaitin 80%-i xarici yardımlardan formalaşıb. 2024-cü ildə yerli icmalarla işləyən təşkilatlar İİV-lə mübarizə üçün xarici maliyyələşmənin 25%-ə qədər hissəsini əldə ediblər.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, əgər donor dəstəyi azalmağa davam edərsə və daxili büdcədən maliyyələşmə artırılmazsa, İİV-in profilaktikası və müalicəsi üzrə bir çox yerli proqramlar ciddi böhranla üzləşə bilər.

