Alla Puqaçova Yurmaladakı yay iqamətgahından məhrum ola bilər
Bu gün, 17:18

Rusiyanın tanınmış müğənnisi Alla Puqaçova Latviyanın Yurmala şəhərində hər il istirahət etdiyi villanı itirmək təhlükəsi ilə üzləşib. Məlumata görə, evin sahibi malikanəni satışa çıxardığı üçün icarə müqaviləsinə xitam verməyi planlaşdırır.
Bu barədə "Mash" "Telegram" kanalı məlumat yayıb.
Hazırda villada Alla Puqaçova ilə yanaşı, həyat yoldaşı, komediya ustası Maksim Qalkin də istirahət edir. Cütlük Layma Vaykulenin musiqi festivalında iştirak etmək və Baltikyanı ölkələrdə daha bir ay qalmaq üçün evin icarəsinə 6 milyon rubldan çox vəsait xərcləyib.
Məlumata görə, "Parex Banka"nın keçmiş həmtəsisçisi olan ev sahibi malikanənin satışı ilə bağlı potensial alıcılarla fəal danışıqlar aparır və yaxın günlərdə alqı-satqını rəsmiləşdirməyi planlaşdırır.
Bildirilir ki, mülk sahibi əvvəlcə villa üçün 10 milyon avro istəyib. Daha sonra isə qiyməti 6 milyon avroya endirib.
Daşınmaz əmlak agentlikləri hazırda villanı potensial alıcılara nümayiş etdirirlər. Məlumata görə, baxış zamanı narahatlıq yaranmaması üçün rieltorlar məşhur cütlükdən müvəqqəti olaraq evi tərk etmələrini tələb edə bilərlər.
Qeyd olunur ki, villanın yeni sahibi onu şəxsi yaşayış məqsədilə istifadə etməyi planlaşdırır. Bu səbəbdən gələcəkdə evin kirayəyə verilməsi dayandırıla bilər.
Məlumata əsasən, Alla Puqaçova bu villanı tərk etmək istəmir. Müğənni və ailəsi uzun illərdir yay aylarını həmin evdə keçirir və malikanə onların daimi mövsümi istirahət məkanına çevrilib.
Lakin ev sahibinin satış qərarı səbəbindən Puqaçovanın Yurmaladakı gələcək istirahət planları qeyri-müəyyən olaraq qalır.

