Havada qalan öpüşlər və Xamaneinin varis planı

23-09-2022, 10:24           
Havada qalan öpüşlər və Xamaneinin varis planı
Hər kəs Xamaneinin ölümcül xəstə olduğunu, yaxınlarda əbədi dünyasına köç edəcəyini və yerinə yeni varis təyin edəcəyini gözləyir. Prinsipcə, bu, yeni gözlənti də deyil. İllər öncə Xamaneinin dini lider seçilməsində önəmli rol oynayan sabiq prezident Əli Haşimi Rəfsancani də dini lideri ziyarətə getmiş və alnından öpmüşdü. Bəlkə də bu öpüş anında onun da könlündən "bircə tez şələ-şüləsini götürüb son mənzilinə getsəydi, mən onun kreslosunda oturardım" arzusu keçmişdi.
Rəfsancaninin bu mümkün arzusu əsassız deyildi. 1989-cu il iyun ayında İrandakı molla rejiminin qurucu lideri Xomeyni öləndən sonra dini rəhbərin yerinə o dövrün prezidenti Seyid Əli Hüseyni Xamaneinin təyin olunmasında Rəfsancaninin də rolu az olmamışdı. Rəfsancani həmin vaxt İslam Məşvərət Şurasının spikeri idi və Xamaneinin sağ əli sayılırdı. Dolayısıyla kəsdiyi başa, verdiyi qərara sorğu sual ola bilməzdi.
İndiki dini lider Xamaneinin bu posta yüksəlməsində müstəsna rol oynayan Rəfsancani xidmətinin qarşılığını da layiqincə almışdı. Yeni dini lider onun prezident seçilməsinə 2 dəfə (ilk dəfə 1989-cu, ikinci dəfə 1993-cü ildə) yaşıl işıq yandırmışdı və o, İran İslam Respublikasının 4-cü prezidenti kimi tarixə düşmüşdü.
Gözləmək olardı ki, Xamanei yenə gedərayaq öz keçmiş hamisinə sədaqət nümayiş etdirsin və öz hakimi-mütləq postunu ona tapşırsın. Təbii ki, bu böyük iltifat bir öpüşə dəyərdi və dodaqları işə salmaq lazım idi. Amma Rəfsancaninin bu öpüşü işə yaramadı. Xamaneini ölüm yatağında ziyarətindən bir müddət sonra 2017-ci ildə qəflətən ürək tutmasından dünyasını dəyişdi. Beləcə, sözügedən müəmmalı ölüm nəticəsində bihudə əziyyət dodaqlara qalmış oldu.
Xamaneinin yenə xəstə olduğu bildirilir və yəqin ki, indi də onun ziyarətinə gedib öpüş növbəsinə dayananlar var. Ən pisi isə odur ki, Xamaneinin ortancıl oğli Müstəba da dini liderliyə iddia edənlər arasındadır. Bu da onu göstərir ki, bir çoxlar üçün son öpücüklər yenə işə yaramaya bilər. Nədən ki, Müctəba dodaqlarını işə salmadan da atasının varisliyi postuna yiyələnmək şansına malikdir.
Belə vəziyyətdə nə etmək lazımdır? Məncə, ölkədə getdikcə nəzarətdən çıxan cadra nümayişləri Xamaneinin varis planını suya salacaq ən yaxşı hadisə ola bilər. Odur ki, İranda etiraz aksiyalarının hara qədər uzanacağını proqnozlaşdırmaq olduqca çətindir. Nəzərə alsaq ki, xarici güc mərkəzləri də İranın çökməsində və ya nüvə proqramından imtina etməsində maraqlıdır, bu amil vəziyyəti xeyli mürəkkəbləşdirir.
Heydər Oğuz
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru