QƏHRAMANLARI UNUDAN MEDİA. TİKTOKERİ MANŞETƏ CEVİRDİ!
Bu gün, 00:00

"Arzum999" ləqəbli tiktokerin ev dustaqlığına buraxılmasını böyük bir "zəfər" kimi manşetlərə daşıyan bəzi media nümayəndələrinin davranışı sadəcə biabırçılıq deyil, peşə etikasının iflasıdır.
Şəhid anasının göz yaşını göstərməyə, canını Vətən uğrunda fəda etmiş qazinin haqq səsini ictimailəşdirməyə gələndə kameralarını söndürən, mikrofonlarını gizlədənlər bu gün adi bir tiktokerin arxasınca izdiham yaradırlar. Elə bil sərhəddən Vətən uğrunda döyüşüb qayıdan qəhrəmanı qarşılayırlar.
Bu, jurnalistika deyil. Bu, ucuz sensasiya, reytinq xəstəliyi və peşə məsuliyyətinin tapdalanmasıdır. Bir neçə baxış sayı naminə media nüfuzunu ayaqlar altına atanlar cəmiyyətə yanlış dəyərlər təqdim edirlər. Əsl qəhrəmanları kölgədə qoyub sosial şəbəkə fenomenlərini gündəmin mərkəzinə çevirmək medianın missiyası ola bilməz.
Mikrofon tutmaq hər kəsin bacardığı işdir. Amma o mikrofonu kimə uzatmaq vicdan, məsuliyyət və peşəkarlıq tələb edir. Təəssüf ki, bu mənzərə media adına utanc doğurur.
Sima Babayeva

