DOMENİSTAN: Əkinçilikdən malakeşliyə - Səxavət Məmməd yazır
Bu gün, 00:03

(Tarixi-elmi-fakktoloji araşdırma)
Hadisə vaqe olub manatdan (milad, yox bir hicri! Dedim manat, demək ki, manat!) 3 min il öncə.
Təbəri yazırdı: savadsızlıq, cəhalət tüğyan edən, böyüklük barədə çoxlu utopiyaları olan, ancaq heyvandan çox hüququ olmayan bir toplumda "Əkinçi" adlı bir qəzet meydana gəlir. Qəzetin ana xətti şumlamaq, əkmək, biçmək və maldarlıq olacaqdı. Oxuması-yazması olan əhali mərkəzdə yaşayır, onlar da nə heyvandarlıqla, nə də əkinçiliklə məşğul olurdular. Qəzetin arada insan hüququndan da yazmışlığı olurdu — onu da heyvanlarla müqayisə apararaq. Heyvanlardan danışıldığı yerdə qəfil hökumətə söz soxmaq üçün insanları misal gətirirdilər. Misal üçün: "Heyvan haraya getsə gedər, hər tərəfə istəsə baxar, nə istəsə eləyər, keyfi necə istəsə mələyər; amma insan nəinki öz istədiyini edə bilmir, hatta keyfi istədiyi kimi danışa da bilmir".
"Əkinçi" arada əkinçilikdən reketçiliyə də meyil edir. Ancaq Təbəri qeyd edir ki, çox da şey eləmək lazım deyil. 1875-ci ilin bu günü "Əkinçi" əkin-biçindən yazmağa başlayanda, artıq qəzetlər Danimarkada 1848-ci il inqilabına dəstək olmuşdu, 1849-cu ilin yeni konstitusiyası isə Danimarka mətbuatını azad etmişdi.
Təbəri yazırdı: Domenıstan adlı ölkədə əkinçilər Əlinin papağını Əhmədin, Əflatunun papağını Rəşadın başına qoymaqla yaşamaq uğrunda mübarizə aparırdılar. Kastalaşma domen sahiblərinin ortaya çıxması ilə başlayır. Domen sahiblərinin əkinçiləri əzməsi və istismar etməsi nəticəsində əkinçiliyə ağır zərbə dəyir.
Aristotel yazırdı: Domenıstan adlı məmləkətdə əkinçilər tədbirdən tədbirə qaçmaqdan əkin-biçin üçün vaxt tapmırdılar. Səhər yeməyində bal-qaymaq yeyir, onları adam yerinə qoymayan kastaların (su, gübrə) tədbirlərinə qatılır, qarınlarını yaxşıca otarır, şəkillər çəkdirib paylaşır və əkinçiliyin inkişafından dəm vururdular.
Buxari yazırdı: Domenıstan adlı məmləkətdə Ramazan ayında əkinçilər iftarlarda ağızlarının suyunu axıdırdılar. Səhih məlumata görə, hətta oruc tutmayan əkinçilər onları niyə iftara çağırmırlar deyə dava-dalaş edir, kastalara çürümüş kartof, sovkaya düşmüş pomidor atır, peyin atmaqla hədələyirdilər. Araşdırmalar göstərir ki, pomidor və peyin atmağı müasir dövrdə şantaj və təhdid kimi ifadələrlə eyniləşdirmək mümkündür.
Aristotelin "Qələm fahişələrinin üsyanları" adlı əsərində qeyd olunub ki, əkinçilər gördükləri, səhih mənbələr isə görmədikləri işə görə medal almaq üçün yuxarı kastaların elçi daşlarının üzərində oturub məktublar yazaraq kastaların beynini xarab eləmişdilər. Aristotelin əkinçiləri niyə "qələm fahişələri" adlandırması isə günümüzə gəlib çatmayıb. İddia olunur ki, hansısa bicbala daş lövhələri götürüb kasta başçısının divarına hörüb, üstünü də bərk-bərk malalayıb.
Titi Livi yazırdı: Əkinçilər apardıqları ağır və keşməkeşli mübarizədən sonra, zamanın tələbinə uyğun olaraq əkib-biçməyin daşını atıb keçirlər malakeşliyə. Artıq əkinçilər anlayırlar ki, əkib-biçməklə bala saxlamaq olmaz; ona görə də əllərinə mala alıb düşürlər kastaların canına. Əvvəl kastalara qarşı gələrək nəyinsə düzələcəyinə ümid edən əkinçilər, çörəyin malada olduğunu anlayırlar. Beləliklə, əkinçilərin iki sinfə ayrılması prosesi başlayır. Malakeşlər əkinçilərin başına keçirlər. Keçmiş əkinçibaşılar o qədər mala vururlar ki, bir gün qərar verilir: "Malakeşlər mükafatlandırılsın!" Əkinçilər işləyir, malakeşlər qazanır. Təbəriyə görə, bəzi malakeşlər hətta dövrünün kasta rəhbərləri qədər geniş imkanlara malik olublar.
Svetoninin "İdeoloji cındırlıq, yaxud Əkinçinin həyatı" adlı fəlsəfi əsərində qeyd olunur ki, Domenıstan adlı məmləkətdə malakeşlər bir yerə yığılanda, gizli toplantılarında cəsarətdən, vicdandan, düzlükdən və inkişafdan dəm vururmuşlar. Bəzi malakeşlər hətta Xalq Əkinçisi Bayramında ləyaqətli, vicdanlı əkinçiləri təbrik edəndə sinələrini irəli verib təbrikləri öz üzərlərinə götürürmüşlər. Fukidid bu prosesi "ləçərliyin ləçəkləri" kimi səciyyələndirirmiş.
İbn Xəldun "Mələkə-i Malakeşiyyə" əsərində yazırdı ki, əkinçilər mala vurmağa başladıqca onların arasında elə bir həmrəylik yaranır ki, onlar artıq öz malalarını kasta rəhbərlərinin yox, bir-birinin kürəyinə çəkməyə başlayırlar.
Sıma Çyan "Əkinçilik qeydləri" əsərində xarici istilaçıların əkinçiliyə yeniliklər gətirdiyi bir zamanda, Domenıstanda əkinçilərin ağır vəziyyətdə yaşadığını, malakeşlərin isə dəmşalaqlıq uğrunda canfəşanlıq elədiyini bir neçə yerdə qeyd edib.
Korneli Tatsit "Ananızı..." adlı əsərində yaranmış vəziyyəti kəskin tənqid edirmiş. Ancaq tarixi mənbələr göstərir ki, onun dəriyə yazdıqları gönüqalınlara təsir etmirmiş.
Strabon: "Coğrafiya qədərdir, mənim balam" deyə-deyə ölüb.
Bunları oxuyan Səxavət Məmməd yazırdı: "Sizin də, malakeşlərin də, bayramların da..."
Səxavət Məmməd

