İtaliya Krallığı Azərbaycana ordu göndərmək istəyirdi? Tarixdən maraqlı fakt
Bu gün, 00:05

- Şahzadə Luici Amadeo Savoyski Bakıda
1919-cu ilin aprelində ingilis ordusu tədricən Azərbaycandan çıxmağa başlayırdı. Onların yerini italyanlar tutmalı idi. Bu səbəbdən də mayın 16-da şahzadə Luici Amadeo Savoyski başda olmaqla İtaliya nümayəndə heyəti Bakıya gəldi. Xəritəyə baxsanız, Savoyya və Yuxarı Savoyya adlı iki əyalətin Fransa tərkibində olduğunu görərsiniz.
İş orasındadır ki, İtaliya həmin əraziləri 1860-cı ildə Fransaya verməyə məcbur olmuşdu. Halbuki İtaliya krallığını idarə edən sülalə əslən məhz həmin yerlərdən idi. Savoyya sülaləsi 1861-1946-cı illərdə İtaliyada hakimiyyətdə olub. Azərbaycana gələn şahzadə də adıçəkilən sülalənin nümayəndəsi idi.
Bakı Dəmir Yolu Vağzalında qonağın şərəfinə Azərbaycan Ordusunun fəxri qarovul dəstəsi düzülmüşdü. Şahzadəni xarici işlər nazirinin müavini Adil xan Ziyadxan qarşılamışdı. Növbəti gün isə İtaliyadan gəlmiş qonaqlar Baş nazir və digər vəzifəli şəxslərlə danışıqlar aparmışdı.
Mayın 25-də isə "Metropol" mehmanxanasında İtaliya nümayəndə heyətinin şərəfinə Azərbaycan höku-məti adından böyük bir ziyafət verilmişdi. Ziyafətdə AXC-nin Baş naziri və hökumətin digər üzvləri ilə yanaşı xarici dövlətlərin diplomatik təmsilçiləri iştirak edirdilər. Tədbirin əsas qonaqları isə təbii ki, şahzadə Savoyski və polkovnik Qabba idi.
"Azərbaycan" qəzeti yazır ki, ziyafətdə ilk olaraq Baş nazir Nəsib bəy Yusifbəyli çıxış etmişdi. O, qədim İtaliya mədəniyyətindən danışmışdı. Elə digər natiq də İtaliya tarixindən bəhs etmişdi. Söhbət Məhəmməd Əmin Rəsulzadədən gedir. O, çıxışında azadlıq uğrunda var qüvvəsi ilə çalışmış Qaribaldini xatırlatmışdı. Cüzeppe Qaribaldi İtaliyanın milli qəhrəmanıdır.
Məhz onun sayəsində 1861-ci ildə Apennin yarımadasındakı müxtəlif krallıqlar vahid İtaliya krallığının rəhbərliyi altında birləşmişdi. İndiki İtaliyanın sərhədləri də elə həmin vaxt çəkilmişdi. Rəsulzadənin Qaribaldini xatırlaması qonaqların çox xoşuna gəlmişdi. Bu atəşli nitq-dən sonra məclis iştirakçılarının bir çoxu yaxınlaşıb Məhəmməd Əminin əlini sıxmışdı.
Adil xan Ziyadxanın da çıxışı italyanların sürəkli alqışları ilə qarşılanmışdı.
Məclisin sonunda isə şahzadə Savoyski və İtaliya ordusunun polkovniki Qabba AXC və onun əsgərlərinin sağlığına badə qaldırmışdı. Onlar bildirmişdilər ki, buradan Parisə gedirlər. Fransadan xoş xəbərlərlə Azərbaycana qayıdacaqlar.
Lakin şahzadə bir daha Bakıya qayıtmadı, 1919-cu ilin iyununda İtaliyada hökumət dəyişdi. Yeni Baş nazir Azərbaycana ordu göndərməyin əleyhinə idi. İtaliyanın siyasi və hərbi gücü Böyük Britaniya qədər deyildi.
Onlar aydın başa düşürdülər ki, Rusiya Azərbaycanı təkrar işğal etmək istəsə, italyan ordusu bunun qarşısını ala bilməyəcək. Elə ona görə də İtaliya ilə AXC arasında yalnız iqtisadi və silah satışı barədə razılaşmalar əldə edilmişdi.
Ayaz İlyasov, "Azərbaycan Xalq Cümhuriyyəti haqqında ən maraqlı 100 fakt"
Milli Kimlik

