Bu kiberhücum Britaniya iqtisadiyyatına 2,5 milyard dollar ziyan vurub
23-10-2025, 15:38

Böyük Britaniyanın Kiber Monitorinq Mərkəzinin (CMC) hesablamalarına görə, "Jaguar Land Rover"in (Hindistanın Tata Motors sənaye qrupunun bir hissəsi) Böyük Britaniya fabriklərinə kiberhücum və daha sonra uzun müddət işin dayanması krallıq iqtisadiyyatına 1,9 milyard funt-sterlinqə (2,5 milyard dollar) başa gəlib.
Valyuta.az xəbər verir ki, hücum təxminən 5000 şirkət və təşkilata mənfi təsir göstərib.
Hesabatda deyilir: "Bu hadisə, çox güman ki, Böyük Britaniya tarixində iqtisadi cəhətdən ən dağıdıcı kiber hadisə olacaq, maliyyə təsirinin əksəriyyəti JLR və onun təchizatçılarında itirilmiş hasilatla bağlıdır".
Oktyabrın 8-də avtomobil istehsalçısı sentyabrın 2-də baş verən kiberhücum səbəbindən təxminən altı həftə ərzində boş qalan fabriklərində fəaliyyətini tədricən bərpa etdiyini elan edib. Analitiklərin hesablamalarına görə, istehsalın dayandırılmasının hər həftəsi JLR 50 milyon funt-sterlinqə başa gəlir.
JLR kömək üçün hökumətə müraciət etmək məcburiyyətində qalıb. Hökumət şirkətin kreditlər əldə etməsi və fəaliyyətini davam etdirməsi üçün sentyabrın sonunda 1,5 milyard funt-sterlinq verməyə razı olub.

