Texasda deportasiya edilə bilməyən kişi saxlanılıb
3-11-2025, 16:04

41 yaşlı Roman Surovtsev artıq bir neçə aydır Texas ştatının Anson şəhərində yerləşən ICE təcridxanasında saxlanılır. O, uşaqlıqda SSRİ-dən ABŞ-a köçüb. Cinayət keçmişinə görə onun “green card”ı əlindən alınıb — gənclik illərində o, ağır cinayətlər törədib. 2014-cü ildə məhkəmə onun ölkədən çıxarılması barədə yekun qərar qəbul edib.
Problem ondadır ki, onu heç yerə göndərmək mümkün deyil. Hakimiyyət onu Ukraynaya və Rusiyaya göndərməyə cəhd edib — amma hər iki ölkə imtina edib, “o, bizim vətəndaşımız deyil” deyərək sənəd verməyiblər. Deportasiya baş tutmayıb. Bütün bu illər ərzində Roman sadəcə ICE idarəsinə gedib imza atırdı.
İndi onun ABŞ-da amerikalı arvadı və iki kiçik övladı var. Vəkillər deyirlər ki, onu həbsdə saxlamağın mənası yoxdur — onsuz da onu heç yerə deportasiya etmək mümkün deyil. DHS isə cavab verir: “Onun ağır cinayət keçmişi var, məhkəmənin qüvvədə olan deportasiya qərarı mövcuddur — deməli, saxlanılması qanunidir.”
Surovtsev hadisəsi sistemdəki bir boşluğu üzə çıxarır: SSRİ dağıldıqdan sonra vətəndaşlığı dəqiq müəyyən olunmayan insanları hara göndərmək olar, əgər ölkələr onları qəbul etməkdən imtina edirsə? NPR yazır ki, bu cür hadisələr getdikcə artır və insanlar artıq qanunsuz həbs olunmaları səbəbilə məhkəmələrə müraciət edirlər.

