"Apple" İlon Maskın "Starlink"ini "iPhone 18 Pro"ya gətirəcəkmi?
28-10-2025, 17:44

Mövcud "iPhone" modellərində yalnız fövqəladə vəziyyət mesajlaşmasına imkan verən peyk bağlantısının yaxın zamanda tam internet çıxışına çevriləcəyi iddia olunur. Lakin "Starlink"in siqnal qəbul etmək üçün antenadan istifadə etməsi, "Apple" mühəndislərinin bu funksiyanı "iPhone 18 Pro" modelinə necə inteqrasiya edəcəkləri sualını gündəmə gətirir.
Valyuta.az xəbər verir ki, "The Information" nəşrinin yeni hesabatına əsasən, "iPhone 18 Pro" modelində tam funksional 5G peyk bağlantısının təqdim ediləcəyi bildirilir. Əgər bu məlumat təsdiqlənsə, mobil şəbəkə əhatəsinin zəif olduğu və ya ümumiyyətlə mövcud olmadığı ərazilərdə yaşayan istifadəçilər üçün bu xüsusiyyət əsl inqilabi yenilik olacaq.
Hazırda "iPhone" modelləri peyk vasitəsilə "Acil Durum SOS" funksiyasını təqdim edir. Lakin bu funksiya yalnız şəbəkə xaricində olduqda istifadəçiyə təcili xidmət orqanlarına mətn mesajı göndərməyə imkan verir və internet çıxışını təmin etmir.
Tam 5G peyk bağlantısı isə istifadəçilərin Wi-Fi və ya mobil şəbəkəyə qoşulmadan belə genişzolaqlı internetə çıxış əldə etməsi deməkdir. Hesabatda qeyd olunur ki, "Apple" bu funksiyanı reallaşdırmaq üçün İlon Maskın peyk internet şirkəti "SpaceX" və onun "Starlink" şəbəkəsi ilə əməkdaşlıq edir. Bildirilir ki, "SpaceX" artıq "Apple"ın "Acil SOS" funksiyasında istifadə etdiyi radio spektrini dəstəkləməyə başlayıb.
"Starlink"in hazırkı versiyasında istifadəçilərin peyk siqnalını qəbul edib ötürmək üçün iri antenaya ehtiyac duyması, "Apple" üçün mühəndislik baxımından ən böyük çağırışlardan biridir. Hazırda bütün "Starlink" istifadəçilərinə bağlantını aktivləşdirmək üçün xüsusi avadanlıq dəsti təqdim olunur ki, bu da mobil telefona inteqrasiya üçün uyğun hesab edilmir. "Apple"ın tam peyk funksiyasını "iPhone" cihazına necə yerləşdirəcəyi mobil texnologiyalar baxımından maraqlı bir məsələ olaraq qalır.
Hazırda bazarda tam funksional 5G peyk internet xidmətini təqdim edən smartfon yoxdur və görünür ki, "Apple" bu sahədə ilk olmaq niyyətindədir. Bununla belə, "iPhone 18 Pro" modelində peyk bağlantısının standart funksiyaya çevrilib-çevrilməyəcəyi, yaxud ayrıca abunə əsasında təklif ediləcəyi hələ məlum deyil. "Starlink"in mövcud limitsiz məlumat planlarının aylıq 80–120 dollar arasında dəyişdiyini nəzərə alsaq, bu xidmətin iPhone istifadəçilərinə necə təqdim ediləcəyi mühüm detal olacaq.
"Apple" və "SpaceX" arasında mümkün əməkdaşlıq məsələsi ilk dəfə deyil ki, gündəmə gəlir. Daha əvvəl də iki şirkətin "Starlink"in peyk xidmətini "iPhone" modellərinə gətirmək üçün gizli şəkildə işlədikləri barədə xəbərlər yayılmışdı. İlon Mask 2022-ci ildə "Starlink" və "Apple" arasında əməkdaşlıq istiqamətində "ümidverici danışıqlar" aparıldığını təsdiqləmişdi. O zaman Mask bildirmişdi ki, mobil telefonlarda peyk bağlantısının səmərəli işləməsi üçün "cihazın proqram və aparat təminatının kosmos əsaslı siqnallara uyğunlaşdırılması" vacibdir və bu, "Starlink"in baza stansiyalarını təqlid etmək məcburiyyətini aradan qaldıracaq.

