“Amazon”un ən baha aldığı 6 şirkət
3-11-2025, 15:34

Dünyanın ən böyük elektron ticarət platforması olan Amazon, bu statusu təkcə alqı-satqı fəaliyyəti ilə qazanmayıb. Şirkət illər ərzində onlarla strateji satınalma həyata keçirib və bu alqıların bəziləri milyardlarla dollar dəyərində olub. Hər bir satınalma Amazon-un fəaliyyət sahəsini genişləndirərək onu trilyon dollarlıq şirkətə çevirib.
Valyuta.az Amazon-un indiyə qədər etdiyi ən bahalı 6 alış təqdim edir:
1. Whole Foods – 13,7 milyard dollar
2017-ci ildə Amazon, ABŞ-ın ən böyük orqanik ərzaq şəbəkələrindən biri olan “Whole Foods Market” i 13,7 milyard dollara satın aldı. Bu, Amazon-un tarixindəki ən bahalı alış hesab olunur. Whole Foods-un 450-dən çox mağazası və 9 minə yaxın əməkdaşı var. Şirkət yalnız təbii və konservantsız məhsullar satması ilə seçilir. Bu alış sayəsində Amazon pərakəndə satış bazarında Walmart kimi nəhənglərlə rəqabətə başladı. Hazırda Whole Foods-un gəlirlərinin 15 milyard dollara çatdığı bildirilir və məhsulları Amazon-un onlayn platformasında satışdadır.
2. Zappos – 1,2 milyard dollar
2009-cu illərin sonunda Amazon, məşhur onlayn paltar və ayaqqabı mağazası olan Zappos-u 1,2 milyard dollara satın aldı. Jeff Bezos bu alışı əsasən şirkətin müştəri məmnuniyyəti siyasətinə görə etmişdi.
Zappos pulsuz çatdırılma və rahat qaytarma xidmətləri ilə fərqlənirdi. Amazon-un bu dəyərləri mənimsəməsi sonradan şirkətin müştəri yönümlü strategiyasının əsasını qoydu. Zappos bu gün Amazon-un tərkibində fəaliyyət göstərir və 1,200-dən çox brendin məhsullarını satır.
3. Ring – 1 milyard dollar
2018-ci ildə Amazon, ağıllı ev təhlükəsizliyi avadanlıqları istehsal edən Ring startapını təxminən 1–1,8 milyard dollara aldı. Bu alış Amazon-un “ağıllı ev” texnologiyalarında – Alexa, Echo və Prime ekosistemlərində – mövqeyini gücləndirdi.
2013-cü ildə “Doorbot” adı ilə təsis olunan Ring, sonradan məşhur investorların, o cümlədən Şakil O’Nilin dəstəyi ilə inkişaf etmişdi.
4. PillPack – 753 milyon dollar
2019-cu ildə Amazon, onlayn aptek olan PillPack şirkətini 753 milyon dollara aldı. PillPack dərmanların robotlaşdırılmış qablaşdırma sistemi ilə fərqlənirdi. Bu sistem xəstələrin gündəlik qəbul etdiyi dərmanları avtomatik bölüşdürür. Alışdan sonra şirkət “PillPack by Amazon Pharmacy” adı ilə fəaliyyətini davam etdirir.
5. Twitch – 970 milyon dollar
2014-cü ildə Amazon, dünyanın ən böyük oyun yayımlama platforması olan Twitch-i 970 milyon dollara satın aldı. Həmin vaxt Twitch ABŞ-da ən çox izlənən 4-cü vebsayt idi. Pandemiya dövründə platforma rekord səviyyədə baxış sayına və gəlirə çatdı.
Twitch bu gün Amazon üçün ən gəlirli alışlardan biri sayılır və milyonlarla istifadəçi oyun, musiqi və film yayımlarını izləyir.
6. Kiva Systems – 775 milyon dollar
2012-ci ildə Amazon, robot texnologiyaları şirkəti Kiva Systems-i 775 milyon dollara aldı. Kiva-nın hazırladığı anbar robotları Amazon-un logistika proseslərini avtomatlaşdıraraq milyonlarla dollar qənaət təmin etdi.
Şirkət sonradan Amazon Robotics adını aldı və hazırda 200 mindən çox robot Amazon anbarlarında işləyir.
Bu alımlar Amazon-un təkcə onlayn ticarət deyil, texnologiya, sağlamlıq, media və logistika kimi sahələrdə də güclü oyunçuya çevrilməsində mühüm rol oynayıb. Şirkətin strategiyası aydındır: gələcəyin bazarını formalaşdırmaq üçün yenilikçi şirkətləri öz ekosisteminə daxil etmək.
Tənzilə Ağabalayeva

