Şimali Koreya Rusiyaya daha 5 min hərbçi göndərib – Cənubi Koreya kəşfiyyatı

6-11-2025, 12:34           
Şimali Koreya Rusiyaya daha 5 min hərbçi göndərib –
Cənubi Koreya Milli Kəşfiyyat Xidməti (NIS) Rusiyada Şimali Koreya hərbi fəhlələrinin fəaliyyət göstərdiyini təsdiqləyib. “Yonhap” agentliyinin məlumatına görə, NIS bu barədə parlament üzvləri üçün keçirilən qapalı brifinqdə məlumat verib.

Məlumata əsasən, sentyabr ayından etibarən Rusiyaya təxminən 5 min şimali koreyalı hərbi tikinti işçisi göndərilib. Onların müharibə nəticəsində dağıdılmış infrastrukturun bərpasında çalışacağı gözlənilir. Bundan əlavə, təxminən 1000 şimali koreyalı minaaxtaranın da Rusiyaya yollanaraq Kursk vilayətində minalardan təmizləmə işlərinə cəlb olunduğu bildirilir.

Qeyd olunur ki, ötən ilin avqustundan bu ilin yazına qədər Kursk vilayətində şiddətli döyüşlər baş verib və həmin əməliyyatlarda da Şimali Koreya hərbçiləri iştirak edib. ABŞ kəşfiyyatının məlumatına görə, bu döyüşlərdə 10 mindən çox şimali koreyalı əsgər iştirak edib və minlərlə itki qeydə alınıb.

2025-ci ilin aprelində Vladimir Putin Kursk döyüşlərində iştirak edən Şimali Koreya hərbçilərinə təşəkkür edib. Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) də həmin vaxt KXDR hərbçilərinin Rusiyada döyüş əməliyyatlarına qatıldığını təsdiqləmişdi.

Xatırladaq ki, bu ilin iyununda TASS agentliyi Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə KXDR lideri Kim Çen In arasında Pxenyanda keçirilən görüşdən sonra məlumat yaymışdı. Həmin görüşdə Şimali Koreya Rusiyaya 1000 minaaxtaran və 5000 hərbi tikinti işçisi göndərməyə razılıq vermişdi.

ABŞ kəşfiyyatının son məlumatına görə, hazırda Rusiya ilə sərhəd bölgələrində təxminən 10 min şimali koreyalı hərbçi qalmaqdadır, lakin onların son aylarda döyüş əməliyyatlarında iştirak etdiyi barədə məlumat yoxdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]