"OpenAI" ilin sonunadək illik gəlirini 20 milyard dollara çatdırmaq istəyir
8-11-2025, 12:44
"OpenAI"nin baş direktoru Sam Altman açıqlayıb ki, şirkət 2025-ci ilin sonuna qədər illik gəlirini 20 milyard dollardan yuxarı səviyyəyə çatdırmağı planlaşdırır.
O bildirib ki, OpenAI növbəti səkkiz il ərzində təxminən 1,4 trilyon dollarlıq məlumat mərkəzi investisiyası həyata keçirməyi nəzərdə tutur.
Altman deyib: “Böyük infrastruktur layihələri uzun çəkir, buna görə indi başlamalıyıq”.
Şirkətin məqsədi 2030-cu ilə qədər yüz milyardlarla dollarlıq satış həcminə nail olmaqdır.
Altman həmçinin vurğulayıb ki, "OpenAI" dövlət dəstəyinə və ya zəmanətinə ehtiyac duymur: “Əgər səhv etsək, məsuliyyəti biz daşıyacağıq. Vergi pulları ilə xilas edilmək istəmirik”.
Hazırda "OpenAI"nin dəyəri təxminən 500 milyard dollar qiymətləndirilir, lakin şirkət hələ mənfəət açıqlamayıb. Altman əlavə edib ki, "OpenAI" gələcəkdə bulud gücünü digər şirkətlərə satmaq və robot texnologiyaları sahəsində yeni layihələr qurmaq niyyətindədir.