MİDA mənzillərinin satışına müdaxilə edənlər DTX tərəfindən məsuliyyətə cəlb olundular

27-12-2025, 00:10           
MİDA mənzillərinin satışına müdaxilə edənlər DTX tərəfindən məsuliyyətə cəlb olundular
03 dekabr 2025-ci il tarixində Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) növbəti layihələri üzrə ümumilikdə 627 mənzilin “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə satışı zamanı Dövlət Təhlükəsizliyi Xidməti (DTX), Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və MİDA tərəfindən tətbiq edilən informasiya təhlükəsizliyi mexanizmləri ilə sistemin təhlükəsiz fəaliyyəti nəzarətdə saxlanılmış və təmin edilmişdir.

Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Mənzil İnşaatı Dövlət Agentliyinin birgə məlumatında deyilir:

“Mənzil seçimi prosesinə nəzarət və informasiya təhlükəsizliyi tədbirləri həyata keçirilərkən müxtəlif kiberhücum cəhdləri müşahidə edilmiş və operativ şəkildə aşkarlanaraq neytrallaşdırılmışdır.

Qeydə alınan müvafiq faktlarla bağlı DTX-də cinayət işi başlanılmışdır.

Müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının vətəndaşları – C.Süleymanlı və T.Abdulov onlara müraciət etmiş müxtəlif vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etmələri prosesini sürətləndirmək, bu prosesdə həmin vətəndaşlara qanunsuz üstünlük qazandırmaq məqsədilə əvvəlcədən əldə etdikləri və informasiya texnologiyaları sahəsində xüsusi texniki imkanlardan istifadə edərək uyğunlaşdırdıqları xüsusi proqram təminatını MİDA-nın “Güzəştli mənzil” informasiya sistemində mənzil seçimi prosesini təmin edən istifadəçi səhifəsinə və ona inteqrasiya edilmiş mühafizə mexanizminə qanunsuz tətbiq etməklə, 03 dekabr 2025-ci il tarixində saat 11:00-da kompüter infrastrukturunun normal fəaliyyətinə qəsdən ciddi maneə yaratmağa yönələn hərəkətlər etmişlər.

Qeyd olunan şəxslər DTX tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 273.3.1 və 273.3.2-ci (kompüter sisteminə qanunsuz müdaxilə – hüququ olmadan kompüter məlumatlarını qəsdən daxil etmə yolu ilə kompüter sisteminin işləməsinə təkrar qəsdən maneə törətməyə yönələn hərəkətlər) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmişlər.

Hazırda əlaqəli xüsusatlarla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]