Vens Trampla İlon Maskı necə barışdırıb? – Detallar ilk dəfə açıqlandı
30-12-2025, 12:14
ABŞ-ın vitse-prezidenti Cey Di Vens prezident Donald Trampla milyarder sahibkar İlon Mask arasında münasibətlərin normallaşmasında mühüm rol oynayıb.
Bu barədə The Washington Post qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, Vens və onun ətrafı Maskın ABŞ-da üçüncü siyasi partiya yaratmaq planlarının 2026-cı il Konqres seçkilərində, eləcə də sonrakı seçki dövrlərində Respublikaçılar Partiyasına ciddi zərər vura biləcəyi qənaətinə gəliblər.
The Washington Post bildirir ki, Vens Maskla birbaşa əlaqə saxlayıb. Eyni zamanda sahibkarın müttəfiqlərini onun “Amerika” adlı üçüncü partiya yaratmaq ideyasından imtinası üçün təzyiq göstərməyə çağırıb. Qəzetin qeyd etdiyi kimi, Vensin və Ağ Evin digər rəsmilərinin aylarla davam edən səyləri nəticə verib.
Üçüncü partiya layihəsindən imtina etdikdən sonra İlon Mask noyabr ayında Ağ Evdə olub və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın şərəfinə təşkil olunan rəsmi ziyafətdə iştirak edib.