"Bu cihazlar azadlıqdan məhrumetməyə aparır" - Hüquqşünasdan sərt XƏBƏRDARLIQ

14-01-2026, 17:34           
"Bu cihazlar azadlıqdan məhrumetməyə aparır" -
Sosial platformalarda gizli kameralar, dinləmə cihazları, GPS qurğular satılır. Bu cür cihazların satışı və istehsalı qanunla necə tənzimlənir? Bunları satanları və işlədənləri hansı cəza gözləyir?

Qanunvericilik kimlərə bu addımı həyata keçirməyə icazə verir?

Mövzu ilə bağlı hüquqşünas Ramil Süleymanov Patrul.az-a açıqlama verib.

Hüquqşünas suallarımıza cavab olaraq bildirib ki, ümumiyyətlə, gizli kameraların, dinləmə cihazlarının və GPS qurğularının satışı Azərbaycan qanunvericiliyi ilə qadağan olunmamışdır:

Bu qəbildən olan məhsulların alqı-satqısı hazırkı qanunvericiliklə məhdudlaşdırılmır. Lakin burada əsas məsələ bu cihazların hansı məqsədlə istifadə olunduğudur.

Necə ki, bıçaq hər yerdə satılır və biz ondan mətbəxdə istifadə edə bilərik, amma eyni zamanda onu cinayət törətmək üçün də istifadə etmək mümkündür – burada məsələ alətin özü deyil, onun istifadəsinin məqsədidir. Eyni qayda ilə, əgər bu cihazlardan – gizli kamera, dinləmə cihazı və GPS izləmə qurğusundan – digər şəxsləri qanunsuz şəkildə izləmək, dinləmək və ya təqib etmək məqsədilə istifadə edilərsə, bu artıq Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinin pozulması deməkdir”.

Müsahibimiz qeyd edib ki, belə hallarda konkret olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 155-ci və 156-cı maddələrinin sanksiya dairəsinə düşülür:

“Çünki bu hərəkət Azərbaycan Respublikasının Konstitusiyasının 32-ci maddəsi ilə qorunan şəxsi həyatın toxunulmazlığı hüququnun pozulması kimi qiymətləndirilir və bu, hüquqi məsuliyyət yaradır.

Xüsusilə də qeyd edim ki, Cinayət Məcəlləsinin 156.1-ci maddəsinə əsasən, şəxsi həyatın toxunulmazlığına qanunsuz müdaxilə – yəni dinləmə, gizli videoçəkiliş və ya izləmə halları – törədildikdə bu, 100 manatdan 500 manatadək cərimə, 240 saatdan 480 saata qədər ictimai işlərə cəlb olunma və ya bir ilədək islah işləri ilə cəzalandırıla bilər”.

“Yəni nəticə etibarilə, bu cihazların satışı və alışı qanuni olsa da, onların istifadəsi zamanı şəxsi həyat toxunulmazlığını pozacaq hallar baş verərsə, bu artıq cinayət məsuliyyəti yaradır”,– deyə o əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]