Rusiyalı generala qarşı sui-qəsd cəhdinin icraçısının və onunla əlbir olanların adları açıqlandı
9-02-2026, 00:10
Rusiya Silahlı Qüvvələri Baş Qərargahı rəisinin birinci müavini Vladimir Alekseyevə sui-qəsdin icraçısı BƏƏ-də saxlanılıb və Rusiyaya təhvil verilib.
Bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.
"Birləşmiş Ərəb Əmirliyindən olan tərəfdaşların yardımı ilə Dubay şəhərində cinayətin birbaşa icraçısı olan 1960-cı il təvəllüdlü Rusiya vətəndaşı Korba Lyubomir saxlanılıb və Rusiya tərəfinə təhvil verilib", - deyə məlumatda vurğulanır.
Məlumatda həmçinin qeyd olunub ki, Rusiya Daxili İşlər Nazirliyi ilə birgə bu cinayətdə əlbir olanlar da müəyyən edilib: Moskvada saxlanılan 1959-cu il təvəllüdlü Vasin Viktor və Ukraynaya qaçmış 1971-ci il təvəllüdlü Serebritskaya Zinaida.
Xatırladaq ki, fevralın 6-da Rusiyanın paytaxtı Moskva şəhərində ölkənin Müdafiə Nazirliyinin generalı Vladimir Alekseyevə qarşı sui-qəsd cəhdi edilib. Naməlum şəxs Moskvanın Volokolamskoye şosesində yerləşən yaşayış binasında ona bir neçə dəfə atəş açıb və hadisə yerindən qaçıb.