KİV: Qətərin "Patriot"lar üçün raket ehtiyatı dörd günə çata bilər
Bu gün, 10:19
Mövcud istifadə intensivliyi şəraitində Qətərin "Patriot" zenit-raket kompleksləri üçün tutucu raket ehtiyatının təxminən dörd günə kifayət edə biləcəyi bildirilir.
Bu barədə "Bloomberg" nəşri məlumat yayıb.
Məlumata görə, həm Qətər, həm də BƏƏ hava hücumundan müdafiə (HHM) sistemlərini gücləndirmək istiqamətində addımlar atır. BƏƏ müttəfiqlərindən ortamənzilli HHM vasitələri istəyib. Qətər isə pilotsuz uçuş aparatlarına (PUA) qarşı müdafiənin gücləndirilməsi üçün əlavə dəstək tələb edib və dronları ballistik raketlərdən daha ciddi təhdid hesab edir.
Bildirilir ki, Əbu-Dabi və Doha tərəfdaşları vasitəsilə ABŞ Prezidenti Donald Trampı hərbi əməliyyatların məhdudlaşdırılması və gərginliyin azaldılması variantına üstünlük verməyə çağırır. Məqsəd münaqişənin genişlənməsinin qarşısını almaq üçün diplomatik koalisiya formalaşdırmaqdır.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. İsrail əməliyyatı "Şir nəriltisi", ABŞ isə "Epik qəzəb" adlandırıb.