Çin liderinin Xruşovu qorxudan çıxışı - Mao vəzifəsinə görə SSRİ-ni şantaj edib.

1-01-2026, 12:54           
Çin liderinin Xruşovu qorxudan çıxışı - Mao vəzifəsinə görə SSRİ-ni şantaj edib.
Ən yeni tarix. Maraqlı faktlar.
1960-cı illərin ortalarında Sovet İttifaqı ilə Çin Xalq Respublikası arasında münasibətlər son dərəcədə gərgin fazaya daxil olub.
1964-cü ildə Çin lideri Mao Tszedun Moskvanı şoka salan və Nikita Xruşovun dərhal reaksiyasına səbəb olan bəyanatla çıxış edib. Bu sözlər iki sosialist dövləti arasında onsuz da soyuq olan münasibətləri xeyli gərginləşdirib, ideoloji və siyasi çatlara səbəb olub.
Münaqişənin mənşəyi
SSRİ ilə Çin arasında münasibətlər 1950-ci illərin sonlarında pisləşməyə başlayıb.
Çünki 1953-cü ildə İosif Stalinin ölümündən sonra Sovet İttifaqına başçılıq edən Nikita Xruşov sələfi ilə bağlı şəxsiyyətə pərəstiş ünsürlərini pisləyərək, Stalin əleyhinə genişmiqyaslı kampaniya aparıb.
Bu hərəkətlər Mao Tszedunun kəskin narazılığına səbəb olub. Ölkəsinin xalqına öz şəxsiyyətinə pərəstiş etdirən Çin lideri Stalinin tənqidini dolayı yolla öz nüfuzuna hücum kimi qəbul edib. Mao qorxub ki, anti-Stalin ritorikası Çin xalqını onun öz siyasətindən və idarəçilik üsullarından məyus olmağa vadar edə bilər.
İdeoloji yanaşma ilə yanaşı, ərazi iddiaları da gündəmə gəlib. Çin tərəfi ədalətsiz şəkildə qurulmuş Sovet İttifaqı ilə sərhədlərdən narazı olub.
Pekin hətta bu “istək siyahıları” ilə yeni coğrafi xəritələr də nəşr edib ki, bu da həll edilməmiş ərazi problemini açıq şəkildə göstərib. Sovet İttifaqı da öz növbəsində mübahisəli məsələləri danışıqlar yolu ilə həll etməyə çalışsa da, heç vaxt kompromis əldə olunmayıb.
Odur ki, 1964-cü ilin iyulu iki dövlət arasında münasibətlərdə dönüş nöqtəsi olub.
Həmin vaxt Mao Tszedun Yaponiya Sosialist Partiyasının nümayəndə heyətini qəbul edib.
Onun nümayəndələrindən biri Tetsuo Ara Maoya Yaponiyanın öz ərazisi hesab etdiyi Kuril adaları ilə bağlı sual verib.
Çin liderinin cavabı gözlənilmədən sərt və SSRİ tərəfindən təxribatçı kimi qəbul edilib.
Mao Sovet İttifaqının təkcə Kuril adalarını deyil, həm də tarixən Çinə məxsus olan əraziləri də daxil olmaqla həddən artıq çox torpaq ələ keçirdiyini bəyan edib.
Mao bir əsrdən çox əvvəl baş vermiş hadisələri xatırlayıb, çar Rusiyasının Baykal gölünün şərqindəki geniş əraziləri, o cümlədən Hayşenveyi (indiki Vladivostok), Kamçatka və digər torpaqları Çindən qopardığını deyib.
O, həmçinin SSRİ-nin güclü siyasi təsiri altında olan formal müstəqil Monqolustanı, eləcə də Maonun fikrincə, sovet ekspansiyasından əziyyət çəkən Şərqi Avropa ölkələrini - Polşa, Finlandiya, Almaniya və Rumıniyanı da yada salıb.
Çıxışını yekunlaşdıran Mao deyib: “Bu məsələ hələ həll olunmayıb, biz onlarla bu hesabı hələ çürütməmişik”.
Moskvanın reaksiyası
Mao Tszedunun cəsarətli sözləri sovet rəhbərliyini şoka salıb. Nikita Xruşov Çin liderinin bəyanatını birbaşa təhdid kimi qəbul edib. Sovet İttifaqı Çinin artan təsirini, xüsusən Pekinin fəal şəkildə digər ölkələri öz tərəfinə çəkməyə çalışmasını və Moskvanın beynəlxalq kommunist hərəkatındakı liderliyinə meydan oxumasını həzm etməyib.
Bütüh hadisələri nəzərdən keçirən Xruşovun cavabı sərt olub.
Sovet təbliğatı Mao Tszedunu fəal şəkildə tənqid etməyə, onu millətçilikdə, təftişçilikdə və sosialist ideallarına xəyanətdə ittiham etməyə başlayıb.
Öz növbəsində Çin SSRİ-ni imperializmdə və qlobal kommunizmə xəyanətdə ittiham edərək antisovet ritorikasını gücləndirib. İki ölkə arasında münaqişə diplomatiyadan açıq ideoloji müharibəyə qədər yüksəlib.
Sonradan SSRİ ilə ÇXR arasında fikir ayrılıqları sərhəddə silahlı toqquşmalara səbəb olub və bu, onların münaqişəsini daha da kəskinləşdirib.
1969-cu ildə martın 2-nə keçən gecə qaranlıqdan və qar yağmasından istifadə edən üç yüz nəfərlik Çin nizami ordusunun şəxsi heyəti SSRİ dövlət sərhədini pozaraq Damanski adasına soxularaq pusqu qurub.
Səhər texniki müşahidə postundan olan sovet sərhədçiləri Ussuri çayının buzunda təxminən otuz Çin əsgəri aşkar ediblər. Sovet sərhədçiləri, gələn ehtiyatlarla birlikdə qəfil hücumu dəf ediblər və çinlilər geri oturdulub. Lakin “qələbə” baha başa gəlib: 32 sovet sərhədçisi öldürülüb, 14-ü isə yaralanıb.
SSRİ hərbçiləri əraziyə “Qrad” reaktiv yaylım atəşi sistemləri və 122 millimetrlik haubitsalar cəlb edib və adaya gələn çinliləri müntəzəm atəşə tutublar. SSRİ və Çinin rəhbər şəxsləri 1969-cu ilin sentyabrında Pekində keçirilən sammitdə Damanski ətrafındakı vəziyyəti nəhayət həll ediblər.
İmzalanmış saziş sərhəd status-kvonunu qoruyub saxlayıb və mübahisələrin həllində güc tətbiqini istisna edib.
Sonrakı hadisələr elə inkişaf edib ki, 1990-cı illərin əvvəllərində SSRİ-Çin sərhədində demarkasiya işlərindən sonra Ussuri çayındakı bəzi adalar, o cümlədən Damanski Çinə verilib.
İlkin Nəcəf.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]