SSRİ-nin növbəti “uğurlu” planı - Şimal okeanı boyunca çəkilən dəmiryol
9-01-2026, 10:54

Ən yeni tarix. Maraqlı faktlar.
II dünya müharibəsi 2 sentyabr 1945-ci ildə başa çatıb, lakin onun nəticələri uzun müddət SSRİ-nin strateji prioritetlərini formalaşdırıb. Ən ağrılı dərslərdən biri Arktika olub.
Şimal dəniz yolunun onilliklər boyu araşdırılmasına, “qəhrəmanlıq” ekspedisiyalarına və buzların fəth edilməsi haqqında film “dastanları”na baxmayaraq, Almaniya gəmiləri və sualtı qayıqları hətta Qara dənizə belə problemsiz girməyi bacarıb və Yenisey çayının mənsəbinə qədər rabitəni təhlükəyə atıb.
Təcrübədə məlum olub ki, şimal dəniz yolları həssasdır. 1941-1942-ci illərdə bütün Lend-Liz təchizatının 40%-dən çoxu Arktikadan keçirdisə, müharibənin sonunda, çatdırılmaların həcmi artdıqda bu pay 25%-ə düşüb.
Ölkə alternativ, qorunan nəqliyyat arteriyasına ehtiyac duyulması ilə üzləşib. Peçora dəmir yolunun tikintisinə cəbhəni kömür və neftlə təmin etmək üçün 1937-ci ildə başlanılıb.
Vorkutadan kömür daşıyan ilk qatar 28 dekabr 1941-ci ildə, Moskva döyüşünün tam ortasında yola düşüb.
Bu təcrübə daha iddialı planlara ilham verib: dəmir yolunu bütün Şimal Buzlu okeanı boyunca genişləndirmək.
Bu ideya yeni olmayıb və hələ 1901-ci ildə “Niva” jurnalı Avrasiya və Amerikanı Arktika vasitəsilə birləşdirəcək fantastik dəmir yolu layihəsini müzakirə edib.
1920-ci illərdə bolşeviklər “Böyük şimal marşrutu” konsepsiyasını irəli sürüblər. Hətta 1929-cu ildə professor Viktor Voblı və rəssam Aleksandr Borisov üç okeanı - Atlantik, Arktika və Sakit okeanı birləşdirən bir marşrut təklif ediblər.
Lakin hər şey kağız üzərində qalıb: ya vətəndaş müharibəsi mane olub, ya da vəsait daha təcili tikinti layihələrinə yönəldilib.
Layihə yalnız müharibədən sonrakı illərdə tətbiq olunub. SSRİ Nazirlər Sovetinin 22 aprel 1947-ci il tarixli qərarı ilə Ob körfəzindəki dəniz limanına dəmir yolu xəttinin çəkilməsi qərara alınıb.
Tədqiqatlar göstərib ki, Ob çayının mənsəbində liman tikmək çox çətindir, dərinləşdirmə işləri və tikinti materialları tələb olunub. Sonra marşrut cənuba, Labıtnangiyə yönəldilib və daha sonra xəttin Sibirdən keçərək Yenisey çayındakı İqarkaya qədər uzadılması qərara alınıb.
Məntiq açıq olub: yeni Norilsk mədən və metallurgiya zavodunu ölkənin mərkəzi ilə birləşdirmək və nikel, mis və kobalt ixracını təmin etmək.
1948-ci ildən Qərbi Sibirdə genişmiqyaslı tikinti işləri aparılıb. Əsas işçi qüvvəsi “QULaq” məhbuslarından ibarət olub: pik illərdə magistral yolda 70 000-dən çox məhbus işləyib.
İşlər zamanı soyuq və qida çatışmazlığı bir çox məhbusların ölümü ilə nəticələnib.
Onların bir qismi elə məhz buzlaqların altında basdırılıb.
1953-cü ilin yazına qədər magistral yolun 850 km-i artıq istifadədə olub ki, bunlardan 673-ü aktiv istismara verilib.
İlin sonuna qədər bütün Salexard-İqarka marşrutu boyunca yol yatağının hazır olacağı və 1000-ci kilometrin 1954-cü ilin yazında çəkiləcəyi planlaşdırılıb.
Lakin 5 mart 1953-cü ildə Stalinin ölümü ilə magistral yol üzərində işlər də dəfn edilib.
25 martda SSRİ Nazirlər Soveti bütün işləri dayandırmaq qərarına gəlib. 1955-ci ildə layihə nəhayət bağlanıb.
Səbəblər sırf praqmatik olub. İstənilən yol intensiv nəqliyyat tələb edib. Əbədi buzlaqlar üzündən yol yatağı daimi möhkəmləndirmə tələb edib, meyilliliklər və əyri radiuslar hətta ən əsas təsnifat standartlarına belə cavab verməyib.
Salexard və Nadım arasındakı ilk qatarlar cəmi 15 km/saat sürətlə hərəkət edib. Yolu standarta çatdırmaq üçün milyonlarla rubl və on minlərlə işçiyə ehtiyac yaranıb.
Marşrut boyunca yarım milyondan çox insan yaşamayıb - iqtisadi fəaliyyət yaratmaq üçün çox az adam olub.
Bölgənin neft və qazını boru kəmərləri ilə nəql etmək daha məntiqli hesab edilib.
Nəticədə infrastrukturun bir hissəsi istifadə olunub, qalanları isə tərk edilib. Yol, SSRİ-nin “nəyin bahasına olursa-olsun, təbiəti fəth etmək” istəyinin abidəsinə çevrilib.
Bu gün “Transpolyar” dəmiryolu real layihədən daha çox iddialı bir mif kimi xatırlanır.
Ölkənin Şimal Buzlu okeanı boyunca dəmiryol çəkmək ideyasına qayıtması ehtimalı azdır.
Dəniz yolu ucuz, magistral yollar daha rahatdır. Lakin on minlərlə məhbus tərəfindən beş il ərzində yüzlərlə kilometr uzunluğunda relslərin soyuq şəraitdə çəkildiyi tikinti layihəsinə görə on minlərlə insan həyatını itirib.
İlkin Nəcəf.


