Çörçillin üç kibriti və Polşa ərazisinin Qərbə sürüşdürülməsi.
9-01-2026, 12:24

28 noyabr - 1 dekabr 1943-cü il tarixində keçirilən Tehran konfransının son günündə müzakirə olunan məsələ Polşa problemi idi.
İkinci dünya müharibəsi 1939-cu il sentyabrın 1-də Almaniyanın Polşaya hücumu ilə başladı. SSRİ, Molotov-Ribbentrop paktının gizli protokoluna əsasən sentyabrın 17-də Polşaya hücum etdi. Birinci Polşa Respublikası süquta uğradı və ərazisi (389 720 kv km) nasist Almaniyası ilə bolşevik SSRİ arasında bölündü.
Sovet-alman müharibəsi başlayanda və ABŞ, Böyük Britaniya SSRİ-nin müttəfiqinə çevriləndə aydın idi ki, müharibədən sonra Polşa dövlətini bərpa etmək lazım gələcək.
SSRİ özünə ilhaq etdiyi əraziləri (179 min kv km) qaytarmağa razı deyildi. O zaman bərpa ediləcək dövlətin ərazisi necə olacaqdı?
Polşa dövləti süqut etsə də, polyaklar almanlara qarşı döyüşməkdə davam edirdilər. Mühacir hökuməti Londonda məskunkaşmışdı, Anders ordusu Qərb cəbhəsində döyüşürdü, Armia Krayova və Armia Lyudova işğal olunmuş Polşada müqavimət göstərirdi. Sovet ordusunun tərkibində də polyak hərbi birləşmələri vardı. Bərpa olunacaq Polşa dövlətinin müharibədən əvvəlki ərazilərinin yarısını itirməsi heç də ədalətli olmazdı.
Məsələnin həllinin əsasını Britaniyanın baş naziri Uinston Çörçill tapdı. O, xəritənin üzərinə üç kibrit çöpü qoydu. Bunlardan ikisi Polşanın müharibədən əvvəlki sərhədlərinin üzərində idi. Üçüncü kibrit ikisinin arasına qoyuldu və SSRİ-nin 1939-cu ildə ilhaq etdiyi əraziləri göstərirdi. Bundan sonra lap sağdakı (şərqdəki) kibriti götürüb lap sola (qərbə), Oder-Neyse xəttinə qoydu. Bu yerdəyişmə SSRİ-nin Polşadan qopardığı torpaqların Almaniya torpaqları hesabına kompensasiyasını nəzərdə tuturdu, başqa sözlə, Polşa dövləti qərbə doğru sürüşdürülürdü. Bundan əlavə, 1939-cu ilə qədər Polşanın şimalında xeyli alman ərazisi vardı, onlar da Polşaya veriləcəkdi.
Tehran konfransında əldə olunan ilkin razılaşma 1945-ci ilin Yalta və Potsdan konfranslarında rəsmiləşdirildi. Polşaya çatan ərazilər itirdiklərini tam kompensasiya etmədi. İkinci Polşa Respublikasının ərazisi 312 658 kv km oldu. Amma əvəzində Sileziyanın faydalı qazıntılarla zəngin ərazilərini əldə etdi. Alman iqtisadçılarının hesablamalarına görə, polyaklar müharibədən sonra həmin faydalı qazıntılardan 130 milyard dollar qazanc əldə etdilər. Bundan əlavə, Polşanın Baltik dənizinə çıxışı savaşdan əvvəl 71 km idisə, sonra 526 km oldu (mühüm Dansiq (Qdansk) limanı ilə birlikdə), bu da ciddi iqtisadi və strateji üstünlük idi.
Kommunistlərin hakimiyyətdə olduğu Şərqi Almaniya 1950-ci ildə Polşa ilə müqavilə imzalayaraq sərhədin Oder-Neyse xətti ilə keçməsini qəbul etdi.
Qərbi Almaniya isə daha 20 il bu sərhədi tanımadı. Sosial-demokrat kansler Villi Brandt yürütdüyü “Yeni Şərq siyasəti” (Neue Ostpolitik) çərçivəsində 1970-ci ildə Polşada oldu və imzaladığı Varşava müqaviləsi ilə Oder-Neyse sərhədini tanıdı. Yeni Şərq siyasəti sağ müxalifət tərəfindən kəskin tənqid olunsa da, 1971-ci ildə Brandta Nobel sülh mükafatını qazandırdı.
"Tarixçi" whatsapp kanalı
https://whatsapp.com/channel/0029Vb6KJAEL2ATpevBzD90l
"Tarixçi" teleqram kanalı
https://t.me/yadigarsadigli
https://t.me/yadigarsadigli
Yadigar Sadıqlı

