Adının qabağında isə həmişə "Şərəfsiz aqibət"li Yusif Vəzir Çəmənzəminli yazılacaq.
4-01-2026, 00:03

Əslində yazmaq istəmirdim onun haqqında...Çünki çox şeylər aydınlaşıb və düşündüm ki, mənim yazdıqlarım artıq olar. Amma sonuncu dəfə bu məsələyə nöqtə qoymaq istəyirəm. Mənə bunu vadar edən həm də yerlibazlıq edib onun məzar axtarışına çıxıb Azərbaycana, su kimi təmiz müqəddəs ocağımız Şuşaya gətirilməsi üçün iddia ilə dolu təkliflərin, müraciətlərin olması oldu. Söhbət yazıçı olmaqla bərabər Azərbaycan Cümhuriyyətinin Osmanlı Türkiyəsində ilk səfiri və Ukraynadakı səfirliyinin əməkdaşı olmuş anım günü olan Yusif Vəzir Çəmənzəminlidən gedir.
Bu yazını mənə yazmağı vadar edən onun Cümhuriyyətə xəyanətidir. Bu azmış kimi Rəsulzadəyə və onun silahdaşlarına qarşı olmazın satqınçılıq mövqeyindən bolşeviklər tərəfindən çıxışları etməsi oldu.
Bu yazını mənə həm də yazmağı vadar edən sonralar 1940-cı ildə "əks-inqilabi millətçi-müsavatçı təşkilatın üzvü" kimi 8 il həbs cəzası alması oldu.
Yusif Vəzir Çəmənzəminli...Deyirlər, insan doğulan zaman Tanrı onun taleyini də alnına yazır. Bəşər övladı da bundan xəbərsiz həyatına, gələcəyinə böyük ümidlər, arzularla yaşayır. Özünü səhərdən axşama qədər çarpışaraq "öldürür". Amma inanmıram bu qədərə..Allah insana seçmək haqqı və hüququ da verib axı.!
Doğrudur, hər bir halda Azərbaycan Cümhuriyyəti dövründə Azərbaycan amilinin məhz coğrafi məzmundan çıxaraq siyasi məzmun daşıması prosesində Yusif Vəzir Çəmənzəminlinin xidmətləri olmamış da deyil...Hətda deyim ki, bir vaxt yazdığı “Tarixi, coğrafi və iqtisadi Azərbaycan” kitabını Rəsulzadəyə ithaf edib: “Əziz yoldaşımız və böyük mürşidimiz Məhəmməd Əmin Rəsulzadəyə sevgi ilə ithaf edirəm”. Yusif Vəzir yazır: “Müsavat” firqəsinin lideri və istiqlalımız yolunda mühüm rollar oynamış Məhəmməd Əmin Rəsulzadə də bakılıdır”.
Yəqin bilməyənlər düşünür ki, bəs, bir vaxtlar bir-birinə hədsiz hörmət-izzətlə yanaşan bu iki şəxs sonradan niyə düşmənə çevrildilər? ( bu haqda daha geniş şərh bölümündə oxuya bilərsiz).
Yusif Vəzir Çəmənzəminli çox mürəkkəb, ziddiyyətli şəxs olub. Bir qədər də dərinə getdim: “26-LAR”-dan biri olan Mirhəsən Vəzirov Yusif Vəzirin əmisi oğlu olub. Bundan başqa müsavatçıların qatilinə çevrilmiş Qəzənfər Musabəyov ilə birlikdə təhsil alıb. Düşünürəm ki, bütün bu amillər sonradan onun Bakıya gəlməsində, şəxsiyyətinin dəyişməsində böyük rol oynayıb...
Yusif Vəzir 1904-cü ildə tələbə olduğu vaxtdan başlayaraq bütün ədəbi yaradıcılığı boyu, ən azı 15 təxəllüsdən istifadə edib. Onun təxəllüsləri arasında "Bədbəxt", "Haqq tərəfdarı", "Müsavi", "Sərsəm", "Stradayuşiy" və "Zritel".kimi adlara rast gəlirik...
Bir neçə kəlmə də "Əli və Nino"əsəri haqqında ..Əslində isə "Əli və Nino" Azərbaycan ədəbiyyatının ən zəif nümunələrindən olduğundan bu əsəri çox araşdırmaq istəmirəm. Lakin bu əsərin onun adına yazılmasında Çəmənzəmənlinin qohumu Ziya Bünyadovun həyat yoldaşı Tahirə xanımın olmasının rolu olduğunu da deməliyəm. Çünki məhz Ziya Bünyadov qol qoyandan sonra əsər Y.V.Çəmənzəminlinin adına sanki rəsmiləşib.
Keçək Yusif Vəzirin diplomatik fəaliyyətinə...Əhməd Ağaolunun kiçik oğlu, çağdaş türk yazıçısı və dövlət adamı Səməd Ağaoğlu hələ o vaxt özünün “Həyat bir möcüzə!” adlı kitabında Azərbaycan Cümhuriyyətinin Osmanlı dövlətindəki elçisi kimi Yusif Vəzirin diplomatik fəaliyyətinin o qədər də uğurlu olmadığından bəhs edərək yazırdı: “Yusif bəy yaxşı bir salon adamı, ancaq səriştəsiz, bacarıqsız siyasətçi idi. Anadoluda başlayan milli mücadiləyə münasibətdə çox soyuq davranır, hətta onun əhəmiyyətini dəyərdən salan sözləri qəzet səhifələrinə yol tapırdı...”

M.Ə.Rəsulzadənin qardaşı Mirinin ölümündən sonra Parisdə qala bilməyən Yusif bəyin 1925-ci ildə “Kommunist” və “Bakinskiy raboçiy” qəzetlərində tövbə məktubu çap etdirir. Cümhuriyyətçiləri xəzinəni oğurlayıb qaçmaqda günahlandıran Çəmənzəminliyə Azərbaycana dönməsi münasibətilə M.Ə.Rəsulzadə cavab olaraq möhtəşəm “Şərəfsiz bir aqibət” məqaləsini yazır..Təbii ki, Yusif Vəzir özünün bütün tənqid və iradlarında haqlı deyildi. Məsələn, guya Ə.Topçubaşovun əlindən böyük pullar gəlib keçdiyini, Paris kənarında dəbdəbəli villada yaşadığını, amma onun vərəmə yoluxmuş qardaşı Mirinin müalicəsinə pul ayırmadığını iddia edirdi. Əslində, son dərəcə yoxsul vəziyyətdə, ailəsi ilə birlikdə sığındığı kiçik, köhnə evdən hər gün çıxarılmaq təhlükəsi altında yaşayan Əlimərdan bəy Miridən də cavan yaşda, onunla eyni xəstəlikdən – vərəmdən ölən oğlu Rəşidin müalicəsinə pul tapa bilməmişdi. Biz hələ onun Fransada olarkən Fransa Kommunist Partiyasının orqanı olan "Paris xəbərləri" qəzeti ilə əməkdaşlığa başlamasını və bu qəzetin səhifələrində yazdığı məqalələrdə "Mənim əqidəm həmişə kommunist əqidəsi ilə düz gəlibdir" və s, "Müsavatçıya cavb" məqaləsini demirik...
Bəli, nə etməli, bəhs etdiyimiz hadisələr, kədərli epizodlar bizim tariximizdir. Belə epizodlar isə az da deyil. Biz həmin tarixin yalnız parlaq səhifələrinə sahib çıxıb xoşumuza gəlməyən anlarını, məqamlarını gizlədə bilmərik. Bu mübarizlərin ruhuna və bu günkü mübarizəmizə də xəyanət olardı. Xəyanətkardan yazmayıb, deməmək ?! Bu mənim işim deyil.!
Doğrdur, guya deyilənə görə 1926-cı ilin aprelində Vətənə dönən Y. Vəzir çox keçmədən siyasi oriyentasiyada səhvə yol verdiyini anlasa da və nə qədər paradoksal olsa da, bolşeviklər təərfindən 1940-cı ildə «əks-inqilabi millətçi-müsavatçı təşkilatın üzvü» kimi 8 il həbs cəzası alır...

Bizlərə Yusif Vəzirin sürgündəki vəziyyətindən sonralar Kərbəlayi Əhməd adlı bir siyasi məhbus xəbər verməsi məlumdur. "1953-cü ildə sabiq Qorki vilayətinin Suxobezvodnaya kəndində siyasi məhbuslar içindəydim. Nəzarətçi Lyubov İlyuşina adlı 45-50 yaşlarında rus qadın 1940-jı illərin əvvəllərində əri ilə dustaq düşərgəsində işləməyə gəlibmiş. O, mənim qafqazlı olduğumu biləndə Yusif Vəzir barədə danışdı. Qadının əri daxili mühafizə batalyonunda çalışırmış. Həmin ilin qışında Qafqazdan bir dəstə dustaq gətirirlər. Yusif Vəzirin şəxsi işi ilə tanış olan nəzarətçi, dustağın altı dil bildiyini öyrənəndə maraqlanır və fransızcanı öyrənməyə çalışan əri üçün bunun faydalı olacağını düşünür. Zabit, Çəmənzəminlinin arvadının işlədiyi şöbəyə xidmətçi götürülməsinə nail olur. Yusif Vəzir sobanı yandırıb, otaqları silib süpürürmüş. Hər halda 45 dərəjə soyuqda meşədə odun qırmaqdan bu daha yaxşı imiş...
1942-ci ilin qışında Çəmənzəminli xəstələnir, uzun müddət düşərgə xəstəxanasında qalır. Bir il müddətində gah babatlaşıb baraka qayıdır, gah da xəstəxanada yatır. Nəhayət, onu qəsəbənin kənarındakı əlillər evinə köçürsələr də müharibə, aclıq və ağır iş rejimi Yusif Vəzirin ölümünü tezləşdirir və az sonra o, vəfat edir. Onu kənddən 3-4 km aralıda Betluqa çayının kiçik qolu olan Unja çayı sahilindəki dustaq qəbiristanlığında dəfn edirlər. Onun Lyubov İlyuşina tərəfindən gizlədilmiş əlyazmaları isə tövlədə uzun müddət nəmişlikdə qaldığına görə çürüyür".
1956-jı ilin yayında dustaq qəbiristanlığına baş çəkmək istəyən Kərbəlayi Əhməd bataqlıqda bir-iki kilometr getdikdən sonra geri qayıdır. Çünki qəbiristanlığı, qəbirləri su basıbmış...
Belə. "Millət addım atdıqca ayaqlarının izi mətbuatda qalır" deyirdi Yusif Vəzir...Təəssüf ki, o, öz adını mətbuatda və xalqın yaddaşında izsiz qoydu. Adının qabağında isə həmişə "Şərəfsiz aqibət"li Yusif Vəzir Çəmənzəminli yazılacaq.
Baba Allahnəzərov
TEREF

