“Qələmi qırılsın yazı yazanın. Ağabəyimə, Gövhərbəyimə, Banubəyimə, mənə yazı yazanda qəm dəftərində yer qoymadı”
10-01-2026, 00:01

Həmidə xanımın yaxşı at çapmağı, quşu gözdən vurmağı, “Mauzer”i göydə oynatmağı vardı. Bu ona atasından miras qalmışdı. Əhməd bəy Cavanşir Çar ordusunda polkovnik rütbəsinə qədər yüksəlmiş, Petroqrad Hərbi Akademiyasının Kadet məktəbini bitirmiş, bir çox müharibələrin iştirakçısı olmuşdu. Göstərdiyi igidliklərə görə orden-medallar almaqla yanaşı, “dəli Əhməd titulu” qazanmışdı. Onun dostları çox olsa da, bir dostunun yeri həmişə əvəzsiz olmuşdu. O, Doktor Kərim bəy Mehmandarov idi. Pənahəli xanla birlikdə Şuşanın-Qalanın təməlini qoyan Mehmandar Mirzəlinin nəticəsi.
Həmidə xanım Kərim bəy Mehmandarovu üstündən illər ötəndən sonra, ilk dəfə Topxana meşəsində görmüşdü. “Mauzer”indən açdığı atəş Mehmandarovun sağ çiynini sıyırıb keçmişdi. Bu ilk tanışlıq cavan həkimdə qəribə duyğular oyatmışdı. Kərim bəy Sankt-Peterburq Tibbi Cərrahlıq Akademiyasını bitirmişdi. Aleksandra Mixaylovna Dolqanova ilə nikahında Mixail adlı oğlu dünyaya gəlmişdi. Sonra ayrılmışdılar... Kərim bəy 1883-cü ildə Vətənə dönmüş, Yelizavetpol (Gəncə) Quberniyasında həkimliyə başlamışdı. Topxana meşəsindəki təsadüfi görüş onun ən gözəl təsadüfü, daha doğrusu gerçəyi olmuşdu. Batmanqılıcın və Mirzəli bəyin törəsi bir bədəndə iki can - Azərbaycan olsa da, araya Davatdarovun nişan üzüyü çəpər çəkmişdi. Rus Əhmədin - Əhməd bəy Cavanşirin Silahdaşı ilə Həmidə xanımın Sirdaşı illər sonra yenidən, elə bura da - Topxana meşəsində üz-üzə gəlmişdi. O zaman Kərim bəy Mehmandarov Bəhmən Mirzə Qacarın qızı, Qacarlar sarayının şahzadəsi Zəri xanım Qacarla, Həmidə xanım da son aylarını yaşayan atası Əhməd bəy Cavanşir və iki övladı - Mina və Müzəffərlə başmaq seyrinə çıxmışdılar. Gül bülbülü, bülbül gülü çağırsa da, könlü viran Kərim bəylə, taxtı talan Həmidə xanımın arasında elə də bir fərq yox idi...
Əbədi sevginin xatirəsi - “Gümüş Medalyon”un əfsanəsi
“Molla Nəsrəddin” məktəbinin ciddi tədqiqatçısı, Azərbaycan teatr tarixinin bilicisi, unudulmaz Qulam Məmmədli deyirdi ki: “Ən çətin vaxtlarda dolanışıq və Mirzə Cəlilin əsərlərinin çapı, kitablarının nəşri ilə bağlı hər şeyindən keçən Həmidə xanım heç vaxt boynundakı “Gümüş Medalyon”a toxunmamışdı. Vəsiyyət etmişdi ki: “Öləndən sonra da, boynundan çıxarmasınlar.” Onun niyə bu qədər qiymətli olduğunu bilmirdim. Ölümündən iki gün qabaq məni çağırdı. Medalyonun qapağını açıb göstərdi. Medalyona iki şəkil həkk edilmişdi, atası Əhməd bəy Cavanşirin, bir də Kərim bəy Mehmandarovun (Kərim bəy Mehmandarov görkəmli ictimai-siyasi xadim idi. 1906-cı ildə erməni-müsəlman soyqırımları zamanı Əhməd bəy Ağaoğlu ilə birlikdə DİFAİ Partiyasını qurmuş, erməni daşnaklarının cəzasını kəsənlərin rəhbəri olmuşdu). Kərim bəy Mehmandarov medalyonu ona ilk tanışlıqları zamanı Topxana meşəsində vermişdi. Həmin gün Həmidə xanım “Mauzer”i ilə onun sağ çiynini yaralamışdı. Sonra da, dəsmalı ilə yarasını sarımışdı. Kərim bəy həmin dəsmalı ömrünün sonuna qədər cibində gəzdirirmiş. Bunu mənə rəhmətlik Cabbar Əmi – (Cabbar Qaryağdıoğlu) demişdi. Həmidə xanım həmin gün qoynundan kiçik bir kisə də çıxardı. Medalyonu və kisəni ürəyinin başına sıxdı. Kisəni göstərib dedi: “Əhməd bəyin, bir də, Kərim bəyin məzarından öz əlimlə götürüb gətirdiyim torpaqdır. Dəfn edəndə gözlərimə tökərsiniz. Biri sağ, o biri, sol gözümdür”. Həmidə xanım qürurlu adamdı. Bu sirri bir Allah, bir o, bir də belə çıxdı ki, mən bildim. Onun dediklərinə əməl etdim. Həmidə xanım hər şeydən, hamıdan küskün getdi. “Qələmi qırılsın yazı yazanın. Ağabəyimə, Gövhərbəyimə, Banubəyimə, mənə yazı yazanda qəm dəftərində yer qoymadı” deyirdi. Mirzə bir dəfə onun boynundakı medalyonla maraqlanır. Medalyonu açır, sonra götürüb yerə çırpır. Bu evliliklərinin ilk vaxtlarında olur. Həmidə xanım onu qaldırıb boynundan asır. “Bir də toxunsan, Gedərəm! Həmişəlik Gedərəm!” deyir. Mirzəni ölənə qədər bu hərəkətinə görə bağışlamır. Onlar ayrılmadılar, amma elə ayrı kimi yaşadılar. Mirzə həm əvəzsiz, həm də, naqolay adamdı. Bacısı Səkinə xanım Həmidə xanımla dərdləşib söhbət edəndə deyərmiş: “Qardaşım Cəlilin bütün evliliklərində bəxti gətirib. Onun birinci və ikinci arvadları çox yaxşı qadınlar idi, onu qəlbən sevirdilər. Ancaq qardaşım heç vaxt xoşbəxtliyinin qədrini bilməyib, bu qadınları da, bədbəxt edib.”
Kəhrizlidən Şuşaya göndərilən teleqram
Həmidə xanım Mirzə Cəlillə kəbin məsələsini gerçəkləşdirmək qərarını alanda, xeyir-dua üçün ilk xəbəri Kəhrizlidən Şuşaya göndərir. Teleqram vurub atasının silahdaşını, özünün qəlb sirdaşını - Kərim bəy Mehmandarovu çağırtdırır. Kərim bəyin qohumu, ailə həkimi, ən əsası atasının dostu kimi üstündə haqqı-sayı vardı. Əhməd bəy Cavanşir dünyasını dəyişəndə qızının əlini onun ovcuna qoyub, əmanət etmişdi. Bu azmış kimi Doktor Mehmandarov onun cənazəsini çiyninə alıb atası Cəfərqulu bəy Cavanşirin və anası Zöhrə xanım Cavanşirin ortasında torpağa vermişdi. Doğmaları, qohumları çox olsa da, atasız, arxasız dünyada Həmidə xanım üçün tək və yeganə doğma insan Kərim bəy Mirzə Mustafa bəy oğlu Mehmandarovdu.
O, bunu Mirzə Cəlilə anlatmaq üçün “çox çəkdi”. Canından çəkəcək qədər çox. Baxmayaraq ki, “Molla Nəsrəddin”in “dinləmək və anlamaq” kimi dərdi var idi. Bu barədə “Xatirələrim”də yazan Həmidə xanım qeyd edir: “Teleqraf göndərib mərhum atamın əziz dostu və ailə həkimimiz Kərim bəy Mehmandarovu bizə dəvət etdim. Doktor Kərim bəy Mehmandarov Şuşada yaşayır və işləyirdi. O, gizli inqilabi fəaliyyət göstərən Süleyman bəy Mehmandarovun əmisi idi. Doktorla öz xəstəliklərindən başqa, həyatımda etmək istədiyim dəyişikliklərlə bağlı məsləhətləşmək istəyirdim. Artıq beş il idi ki, dul idim. Həyat yoldaşım polkovnik İbrahim bəy Davatdarov vəfat etdikdən sonra, qətiyyən ərə getmək fikrim yox idi. Durumu Kərim bəy Mehmandarova danışdıqdan sonra, o, mənə belə cavab verdi: “Sizin bu istəyiniz məni təəccübləndirmir; Gec ya tez kimi isə sevməli və ərə getməli idiniz. Etdiyiniz bu seçim isə mənim xoşuma gəlir. Mirzə Cəlil nadir istedad sahibidir. Onun böyük gələcəyi vardır. Ancaq onun öz mühüm fəaliyyətini buraxıb bura, sizin yanınıza gəlməsi təəssüf doğurur. Eyni zamanda sizin də qara camaat arasında apardığınız lazımlı fəaliyyəti buraxıb şəhərə köçməyiniz öz növbəsində təəssüf doğurur. Ayrılıqda sizin hər ikiniz cəmiyyətimiz üçün çox gərəkli ictimai xadimlərsiniz, ancaq bir yerdə bir-birinizə mane ola bilərsiniz. Ziyalı qadınlar, adətən ərlərinə qarşı çox tələbkar olurlar. Hər bir hərəkətlərinə görə, hesab sorurlar. Bu isə onları sıxır, bədbəxt edir. Bir az ehtiyatlı olun, onu qorumaq və çox şeylərin üstündən keçmək lazımdır...”
Sonralar həyatın çətin məqamlarında əziz həkimin qiymətli nəsihətlərini xatırlayaraq əslində özümü məcbur edirdim ki, Cəlili bağışlayım və onun şəxsi işlərinə müdaxilə etməyim...”.
Könlünə girən gözdən uzaq olanda nə olur ki?
Kərim bəyin etiraz dolu, həm də, üstüörtülü dediyi məsələlər Həmidə xanımın taleyi oldu. Xidmətçi Olqa Şipyaginanın nikah məsələsinə münasibətini “Xatirələrim”də qələmə alan Həmidə xanım yazır: “Olqanın Mirzə Cəlildən heç xoşu gəlmirdi. Hesab edirdi ki, onun çox amansız gözləri var və məni bədbəxt edəcək. Ağlayır, yalvarıb-yaxarırdı ki, ona ərə getməyim”.
Həmidə xanımla Mirzə Cəlilin münasibətinə etiraz edənlərdən biri də, Qasım bəy Zakirin qardaşı oğlu Mustafa bəy Behbudov olur. Nikaha dəvət məktubunu alan Mustafa bəy məktubu qaytarmaqla kifayətlənmir. “Mən bundan sonra Həmidə xanımın heç bir tapşırığını yerinə yetirməyəcəyəm. Bundan sonra onu, heç tanımaq da istəmirəm”.
Xurşidbanu Natəvanın Seyid Hüseynlə nikahında olduğu kimi “Küllü-Qarabağ” bir yana olur, Həmidə xanım bir yana. O, Mirzə Cəlilin, Kərim bəy Mehmandarov da onun oduna yanır. Onlar iki bədəndə bir can - Azərbaycan olub, Əbədi sevginin xatirəsini - “Gümüş Medalyon”un əfsanəsini yaratdılar. Mövlana Cəlaləddin Rumiyə qoşulub “Könlünə girən gözdən uzaq olanda nə olur ki?” dedilər.
Şərəf Cəlilli, Filologiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat və incəsənət” üçün.
Vüsalə Məmmədli.
TEREF

