Du Huan əsirlikdə nə görmüşdü...
11-01-2026, 00:09

751-ci ildəki Talas döyüşündən sonra bir çox çinli əsgər Abbasi ordusuna əsir düşdü. Bunlardan biri də Du Huan (杜环) idi. Huan əsilzadə ailəsindən gəlirdi.
Du Huan əsirlikdən qayıdandan sonra Abbasilər xilafətində gördüklərini Çinqşinqçi (经行记 - Jīngxíngjì) adlı bir kitaba yazsa da, həmin kitab itib. Lakin Huanın əmisi, Du Yu (杜佑) həm tarixçi, həm də Çin imperiyasının baş vəziri olduğu üçün həmin qeydlərin bir hissəsini öz məşhur Tonqdian (通典) əsərində qoruyub saxlaya bilib.
Abbasilər dövlətində yaşayan hamının barbar (Hu) irqinə aid olduğunu qeyd edən Huan bununla belə 3 əsas dini qrupu göstərir - taciklər (yəni müsəlmanlar), romalılar (yəni xristianlar) və zimzimlər (yəni zərdüştilər).
Müsəlmanların qanun-qaydaları haqda onu heyrətləndirən o olub ki, Çində kimsə cinayət işləsə onun bütün tayfası günahkar hesab edilsə də müsəlmanlar insanlara fərdi yanaşırlar və qohumlara dəymirlər:
"Onlar donuz, it, eşşək, at və [bəzi] digər heyvanların ətini yemirlər. Onlar valideynlərinin böyüklüyünə hörmət etmirlər, xəyalətlərə və ruhlara inanmırlar; yalnız Cənnətə [Allaha] ibadət edirlər. Onların ritualı budur ki, hər yeddi gündən bir günü tətil kimi keçirirlər, bu müddət ərzində nə işləri ilə məşğul olurlar, nə də pul alırlar və ya ödəyirlər. Bunun əvəzinə, bütün gün ərzində içki içir və intizamsız şəkildə əylənirlər."
Bo-si (İran) dövləti haqda təkcə bunu deyir ki, ərəblər onları işğal etməzdən əvvəl 100 ildən çox olan bir dövlət keçmişləri olub.
Daşi (Tacik - yəni Abbasilər xilafəti) haqda deyir ki, buranın paytaxtı Kufədir (hələ Bağdad salınmamışdı) və hökmdarları Mumen (Mömin) adlanır:
"[Ölkənin] qadınları hündür və gözəl, paltarları parlaq və təmizdir. Qadın çölə çıxanda üzünü örtməlidir. Kişilər əsilzadə və ya kəndli olmasından asılı olmayaraq, gündə beş dəfə namaz qılır. Oruc tutanda isə heyvan kəsimini fəzilət və müdriklik hesab edərək ət yeyirlər. Kişilər gümüş bıçaqları asılmış gümüş kəmər taxırlar. İçki içməkdən çəkinir və musiqi dinləmirlər. Bir-biri ilə rəqabət aparanda heç vaxt bir-biri ilə döyüşmək dərəcəsinə çatmırlar. Həmçinin, on minlərlə insanın yerləşə biləcəyi bir məclis zalı da [Məscid] var. Hər yeddi gündə bir dəfə hökmdar [Xəlifə] namaz qılmaq üçün [zalda] olur. O, yüksəkdə oturub camaata nitq söyləyərdi: “Həyat çətindir və Cənnət Yolu [İslam] asan deyil. İstər zina, istər soyğunçuluq, istər oğurluq, istərsə də kiçik davranış məqamlarına etinasızlıq, istər kiçik şeylərə görə yalan danışmaq, istərsə də özünüzün təhlükəsizliyini qorumaq üçün başqalarına zərər vermək, istərsə də kasıbları qorxutmaq və təvazökarları lağa qoymaq – hətta bu cür qanunsuzluqlardan birini etsəniz belə - müharibəyə [cihada] gedib düşmən tərəfindən öldürüldüyünüz zaman Cənnətə [Allaha] gedə bilərsiniz; düşmənlərinizdən birini öldürdüyünüz zaman Cənnət tərəfindən bol mükafat alacaqsınız”. Belə təbliğat ölkə xalqına asanlıqla itaətkarlığı öyrədir. [Burada] qanun yumşaqdır və dəfn mərasimi sadədir."
Huan Kufə şəhərində yaşayan çinli sənətkarların adını da çəkir - Çanqandan iki sənətkar Fan Şu və Liu Ki, həmçinin Hedonqdan Le Huan və Lü Li.
Şanquo (Şam ölkəsi) haqda danışanda isə belə deyir:
"[Buradakı insanlar] evləri [damlarında] kirəmitlə və [ev] divarları daşlarla tikirlər. Taxıl xüsusilə ucuzdur. Şərqə doğru böyük bir çay [Fərat] Aculuoya [Kufəyə] axır. Tacirlər bir-birinin ardınca taxıl alıb-satmaq üçün gəlirlər. İnsanların [bədənləri] iri və hündürdür; və onların paltarları geniş və iridir ki, bu da Konfutsiçilərin geyiminə bənzəyir. Şam dövlətinin [əyalətlərinə] cavabdeh olan beş valisi var; onların ordusunun əsgərləri cəmi on min nəfərdir. Dövlət şimalda Xəzər türkləri(可薩突厥 - Kěsà Tūjué) ilə həmsərhəddir; və Xəzərin şimalından kənarda ayaqları öküzlərin ayaqları kimi olan və kannibalizm edən başqa bir türk [qəbiləsi] var."
Cavid Ağa
TEREF

