İran yenə qarışıb… Etiraz var, qorxu var, qan var, qəzəb var.
11-01-2026, 12:28

Mən siyasi mövqe bildirmək istəmirəm. Sadəcə bu hadisələr oxuduğum bir kitabı, sonra baxdığım rəsmi arxiv materiallarını, eləcə də söhbət etdiyim şahidlərin danışdıqlarını xatırlatdı.
İran şahının arvadı Fərəh Pəhləvi xatirələrində Jimmy Carter dövründə Ağ Evə etdiyi sonuncu səfərini həyəcanla yazıb. (1977, 15 noyabr) Yazır ki, Ağ Evə gələndə qapının o tayında etirazçılar onları gözləyirmiş və onlar buna çox sarsılıblar. Qısa sitat parçası: “…stunned at the protesters awaiting them.” Həmin insidentdən sonra Prezident Carter və xanımı Rosalynn gülümsəyərək onlardan gördüklərini “unutmağı” xahiş ediblər, həqiqətən guya xəcalətli olublar.

Fərəh Pəhləvi öz daxilində bunu belə müqayisə edir: Nixon vaxtında etirazçılar bu qədər yaxın buraxılmazdı. “In Richard Nixon’s time the demonstrators would never have been allowed.” Və içindən daha sərt bir fikir də keçirir: “icazə verilən yaxınlıq” bəlkə də yeni administrasiyanın onları pərt etmək istəyindən irəli gəlir.
PBS arxivində isə həmin günün görüntüləri və transkripti var. Polis kütləni dağıtmaq üçün gözyaşardıcı qaz buraxır, qaz Ağ Evin çəmənliyinə qədər gəlir və orada çıxış edən Şah da, qonaqlar da gözlərini silirlər. Hətta şam yeməyində Carter özü də bunu qeyd edir: “South Lawn-dan keçəndə…”
(Şəkilini paylaşdım)

İllər keçdi… Mənimlə yaşıd olan İran İnqilabının 40-cı ilində Amerikada bir azərbaycanlı ilə görüşdüm. Mənə qəribə gələn o idi ki, o adam elə həmin illərdə Ağ Evin kənarında, o səs-küylü aksiyaların içində aktiv olan etirazçı tələbələrdən biri imiş. Yəni Fərəh Pəhləvini içəridə titrədən, Ağ Evin qapısı arxasından gələn o “başqa səs”in adamlarından biri…
O, çox sakit, amma ağır danışdı. Dedi ki, o vaxtlar biz Pəhləvi hakimiyyətini hər zaman nifrətlə qarşılayırdıq. Elə bilirdik ki, etdiyimiz etirazla İranın sabahını düzəldirik. Amma sonra sanki cümlənin ortasında dayandı… nəfəs aldı… və dedi:
“Biz Pəhləvi hakimiyyətini hər zaman nifrət edirdik. Amma bilsəydik ki, onların yerinə bu cür mollaçılıq gələcək, heç vaxt orada dayanıb o etiraz aksiyasını keçirməzdik.”
Mən həmin an fikirləşdim ki, tarix nə qəribə şeydir… Bəzən bir dalğa qalxır, hamı onu “ümid” bilir. Sonra illər keçir, o dalğanı qaldıran adamın öz səsi dəyişir — peşmanlıq səsinə çevrilir. Və insanın içində tək bir sual qalır: görəsən o gün kim düz çıxmışdı?
Xomeyni Fransada olanda, Qərb də, Fransa da onu elə bir “xilaskar” kimi göstərdi… sanki İranın dərdinə dərman gəlir. Xalq da baxdı, inandı, elə bildi ki, hə, xilaskar gəlir, hər şey düzələcək. Amma o “xilaskar”ın yerinə elə bir molla rejimi gəldi ki… İranın içini boşaltdı, nəfəsini kəsdi, hər şeyi başqa cür bitirdi.


İndi adam fikirləşir: bəzən bir adamı “ümid” kimi təqdim edirlər, amma gələn şey ümid olmur — gələn şey bir millətin üstündən illərlə keçən qara kölgə olur. İllər keçir… Yenə bir dalğa qalxıb, bir “inqilab” başlayıb, hamı ümiddən danışır. Sonra tarix başqa cür yazılır, peşmanlıq başqa cür gəlir. 2009-cu ildə İranda prezident seçkilərindən sonra saxtakarlığa etiraz üçün başlayan “Yasıl inqilabın” şahidi və iştirakçısı olmuşdum ANS müxbiri olaraq. Öldürülən insanları Tehran küçələrində lentə almışdıq. O zaman da devrimə çox yaxın idilər…Sonda qərblə anlaşdılar.

İran yenə qarışıb. “Kömək edəcəyik” deyənlər yenə var. Amma bu kömək həqiqətən sabaha aparacaqmı, yoxsa daha böyük batışa?
Bildiyim tək bir şey var. Xalq öz taleyini özü həll etməyəndə, kənardan gələn “xilas” çox vaxt başqa bir zəncir olur. Həm də tarixə baxsaq açıq görünə bilər ki, iran əhalisi xarici müdaxilə zamanı hər zaman birləşib. 90 milyon zəif olmamalıdır. Dəyişim sizdən asılıdır. İstibad etdiyim tarixi hadisələrin linkini əlavə edirəm. Bəlkə maraqlanan olar. Amerikada vaxtım olduqca mən rəsmi arxivləri oxumaqda maraqlı oluram) https://www.presidency.ucsb.edu/.../toasts-the-president... https://www.latimes.com/.../la-xpm-2004-mar-10-et... https://www.pbs.org/.../taken-hostage-presidents-shah.../
Ganira Atash
TEREF

