Su idarəçiliyində özünəməxsus metod: Suyu kəsib sonra xəbər vermək

Bu gün, 08:18           
Su idarəçiliyində özünəməxsus metod: Suyu kəsib sonra xəbər vermək
Abşeron rayonunda bir çox yerlərdə, Bakının bir sıra kənd və qəsəbələrində üç gün su olmayacaq. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti sosial media hesablarında bununla bağlı paylaşım yerləşdirib. Rəylərdən belə məlum olur ki, adıçəkilən yerlərin əksərində hələ elandan əvvəl su kəsilib. Məşhur lətifədə olduğu kimi, qulaqları kəsəndən sonra sayırlar. Həmin kənd və qəsəbələrin sakinləri belə davranışa etiraz edirlər.
Bizimyol.info xəbər verir ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti şikayətlərə biganə yanaşıb. Rəylərin heç birinə cavab verilməyib. Sumqayıtdan Kəmalə Pənahova yazır ki, şəhərdə su kəsilib və əvvəldən xəbərdarlıq olunmayıb. Ümumiyyətlə, “gənclik şəhəri”ndən şikayət çoxdur. Sumqayıtın müxtəlif yerlərindən susuz qaldıqlarını yazırlar.

Eyvaz Eyvazov bildirir ki, sakinlərə suyun kəsiləcəyi barədə xəbər verilməliydi. Onun sözlərinə görə, yaşadığı ərazidə qəza baş verib və sakinlərin etirazından sonra elan verilib: “Hər halda, sakinlər müvəqqəti olaraq su ilə təmin edilməli idi. Amma su idarəsinin vecinə də deyil ki, suyun kəsilməsindən xəbərsiz olan, heç bir ehtiyat tədbiri görə bilməyən Azərbaycan vətəndaşının ailəlikcə bu üç günü susuz necə keçirəcək. Müvəqqəti təmir edib əhalini su ilə təmin etmək olardı. Həmin qəzalı vəziyyətdə olan su xəttinin yanından yeni xətt çəkib sonra köhnə xəttin qəzalı hissəsini yeni xətlə birləşdirmək mümkün idi. Bu halda suyun verilişindəki fasilə günlərlə yox, cəmi bir neçə saat çəkərdi. Amma bu qurumun qorxduğu və çəkindiyi bir yer olmadığından, öz həmvətənlərinin çəkdiyi antigigiyenik vəziyyət heç veclərinə də deyil!”

İntiqam Hacıyev Məmmədli kəndində hələ dünəndən su kəsildiyini bildirir. Zülfiyyə Əlisoy isə isti havalarda insanları üç gün susuz qoymağın böyük insafsızlıq olduğunu qeyd edir.

Azərbaycan Su Ehtiyatları Agentliyi sosial media hesablarında, ümumiyyətlə, rəy bölümünü bağlayıb. Aylardır, abonentlərə şikayətlərini çatdırmağa imkan verilmir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru