Böyük kredit böhranına doğru: Geri qaytarılmayan məbləğ milyarda yaxınlaşır

Bu gün, 09:18           
Böyük kredit böhranına doğru:
Əhalinin kredit borclarını ödəyə bilməməsi ilə bağlı yazanda daha əvvəlki kimi ifadələri ehtiyatla seçmək lazım gəlmir. Həqiqətən də, kredit yükü çəkilməz olub. Problemli kreditlərin məbləği sürətlə milyard manata yaxınlaşır. Təkcə son bir aylıq hesabat dövründə göstərici 83 milyon manat artıb. Hadisələr böyük kredit böhranına doğru inkişaf edir.
Bizimyol.info xəbər verir ki, Azərbaycanda kredit təşkilatlarının iyunun 30-na qədər müştərilərdən geri ala bilmədiyi vəsait 719,3 milyon manat olub. İlin əvvəlindən problemli kreditlərdə 37 faiz artım qeydə alınıb. İş orasındadır ki, kredit təşkilatlarının ümumi kredit portfeli də genişlənib. Bu müddət ərzində problemli kreditlərin artım tempi ümumi portfelin artım tempini 6 dəfə geridə qoyub. Portfel cəmi 6,1 faiz böyüyüb.

Problemli kreditlərin məbləği axırıncı dəfə 2022-ci ilin yanvarında 700 milyon manatı keçmişdi. 4 il 5 ay sonra eyni vəziyyət yaranıb. Geri qaytarılmayan kreditlərin ümumi portfeldə çəkisi uzun fasilədən sonra 2 faiz həddini keçib.

Rəqəmlərlə sizi çox yormayaq. Bəsit ifadələrlə desək, əhali borcunu ödəyə bilmir. Sosial-iqtisadi mənzərə öhdəliyi yerinə yetirməyə imkan vermir.

Bəs problemli kreditlərin həcminin sürətlə artmasının qarşısı necə alına bilər?

Kredit təşkilatlarının mütləq vacib addımlar atması gərəkdir. Hər şeydən əvvəl restrukturizasiya yada düşür. Çətinlik çəkən müştərilərə güzəştli ödəniş şərtləri və ya vaxt uzadılması təklif edilməlidir. İkincisi, vətəndaşların ümumi borc yükünü izləmək üçün məlumat bazası tam aktiv istifadə olunmalıdır. Gəlir səviyyəsi dəqiq yoxlanılmalı və borc yükünün yuxarı həddi sərtləşdirilməlidir. Yəni riskin qiymətləndirilməsi doğru aparılmalıdır. Bütün hallarda müştərinin vəziyyəti ilə yanaşı, bankın məsuliyyəti də əhəmiyyətlidir. Maliyyə savadlılığına həmişə ehtiyac var. Bəzən perspektivi dəqiq hesablanmayan borclanmalar yaranır.

Kreditlə sahibkarlıq fəaliyyətinə başlamaq da ayrıca məsuliyyət tələb edir. Üçüncüsü və ən əsası, əhalinin rəsmi dəstəyə ehtiyacı var. Real gəlirlər artmasa, iş yerləri açılmasa, problemli kreditlərin həcmi yalnız artan qrafikə üz tutacaq.

Aytən, Bizimyol.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru