Əlisa Nicatın cəmiyyətin müəyyən bir təbəqəsinə yönəltdiyi sərt, ağrılı və bəlkə də mübahisəli fikri götürüb onu bütöv Azərbaycan xalqına qarşı çevirmək nə ədəbiyyat anlayışıdır, nə də sağlam düşüncə.
Bu gün, 15:18

Əlisa Nicatın cəmiyyətin müəyyən bir təbəqəsinə yönəltdiyi sərt, ağrılı və bəlkə də mübahisəli fikri götürüb onu bütöv Azərbaycan xalqına qarşı çevirmək nə ədəbiyyat anlayışıdır, nə də sağlam düşüncə.
Azərbaycan ədəbiyyatında bu ənənə yeni deyil. M.F.Axundzadə öz əsərlərində cəhaləti, nadanlığı, mövhumatı və geriliyi amansız tənqid edirdi və bu gün bu pəstahı çıxardan nadanların babaları onda da Axundzadəyə qarşı pəstah çıxardırdılar.
M.Ə.Sabir cahil, düşüncəsiz, riyakar və nadan insanları satirasının hədəfinə çevirirdi.
Bu gün tənqidi fikri manipuliasiya edib güya xalqın təssübünü çəkənlərin babaları onda Sabirə qarşı kampaniya aparırdılar.
C.Məmmədquluzadə “Molla Nəsrəddin” vasitəsilə cəmiyyətin ən ağrılı yaralarını açırdı. Ölülər əsərində "tufu sizin üzünüzə ölülər" deyirdi və bu gün özünü gündəmdə saxlamaq üçün hər vasitəni, abrısızlığı məqbul bilən nadanların elə nadan babalarının üzünə tüpürürdü, Əbdürrəhim bəy Haqverdiyev, Üzeyir Hacıbəyli,
və başqa ədiblərimiz də zaman-zaman xalqın içindəki cəhaləti, savadsızlığı, nadanlığı, ikiüzlülüyü və geriliyi sərt sözlərlə qamçılayıblar.
Etməsəydilər bu günə gəlib çıxmazdıq.
Nadanlar imkan verməzdi.
Cəhalət imkan verməzdi.
İndi kimsə çıxıb həmin ədiblərin əsərlərindən bir cümləni götürərək deyə bilərmi ki, “Axundzadə Azərbaycan xalqını təhqir edirdi”, “Sabir xalqına nifrət edirdi”, “Cəlil Məmmədquluzadə Azərbaycan xalqını üzünə tüpürürdü, xalqı alçaldırdı”?
Əlbəttə, yox!
Çünki ədəbiyyatın dili bəzən ağrının dilidir.
Yazıçı cəmiyyətin eybəcərliyini göstərərkən əslində çox vaxt həmin eybəcərliyin yox olmasını istəyir. Onun qəzəbinin arxasında nifrət yox, narahatlıq dayanır. Xalqını cahil görmək istəməyən adam cahilliyə qarşı sərt danışa bilər. Xalqını yetişmiş, düşüncəli, savadlı və ləyaqətli görmək istəyən yazıçının ürəyindən bəzən ağır sözlər də çıxa bilər.
Əsas məsələ o sözün kimə ünvanlandığını anlamaqdır.
Anlamırlar.
Nadan insanlar bunu anlamırlar.
Bir yazıçının cəmiyyətin müəyyən bir hissəsinə qarşı işlətmiş olduğu ifadəni götürüb “Azərbaycan xalqı qoyundur” formasına salırlar. Sonra da həmin sözün üzərindən yaşlı bir yazıçını məsxərəyə qoymağa çalışırlar.
Bu, tənqid deyil.
Bu, kontekstdən qoparılmış bir fikrin üzərindən istehza düzəltməkdir.
Bu artıq Əlisa Nicatın fikrini müzakirə etmək deyil. Bu, 90 yaşlı bir ədibə qarşı istehza qurmaqdır.
Əgər Əlisa Nicatın fikri ilə razı deyilsinizsə, onun fikrini tənqid edin. Bu normal bir hərəkətdir. Arqument gətirin. Ədəbiyyatını müzakirə edin. Amma təhqir, məsxərə qəbul edilən deyil.
Sabirin cahillə mübarizəsi xalqa nifrət deyildi.
C.Məmmədquluzadənin nadanlığa qarşı qəzəbi xalqa nifrət deyildi.
Axundzadənin cəhalətə qarşı amansızlığı xalqa nifrət deyildi.
Bunlar xalqı oyatmaq istəyən ziyalının üsyanı idi və o böyük insanlar bunu bacardılar, məqsədlərinə nail oldular.
Ədəbiyyatın böyük missiyalarından biri də budur-cəmiyyətin üzünə güzgü tutmaq.
Əlisa Nicatın hər fikrini müdafiə etmək məcburiyyətində deyilik. Heç bir yazıçı tənqiddən kənarda deyil. Ə.Nicatı da tənqid etmək olar və həm də lazımdır.
Amma 90 yaşlı bir ədibin sözünü küçə istehzasına çevirib onun üzərindən bütöv bir xalqın adına danışmaq da nə ədalətdir, nə ədəbiyyat, nə də ziyalılıq.
Bu olsa-olsa mənasız və populist insanların özlərini ucuz bazara çıxartmasıdır.
Əgər doğrudan da Azərbaycan xalqını müdafiə etmək istəyirsinizsə, əvvəlcə xalqımızın ədəbiyyatını, onun satira ənənəsini və yazıçı sözünün arxasındakı ağrını anlamağa çalışın.
Çünki bəzən xalqını ən çox sevənlər onun qüsurlarını ən sərt dillə söyləyənlərdir.
Tahir Hüseynov

