ZİBİLLİ BƏLƏDİYYƏ və ya Xətayi rayonu niyə zibilliyin içində batır FOTO

17-11-2025, 09:38           
ZİBİLLİ BƏLƏDİYYƏ və ya Xətayi rayonu niyə zibilliyin içində batır FOTO
Son illər Bakıya gələn əcnəbilər paytaxtımızın çox təmiz şəhər olduğunu xüsusi qeyd edirlər.
Nə yaxşı ki onların yolu Xətai rayonunun ərazisindəki Məhəmməd Hadi küçəsinə düşmür. Oraya gedib çıxsalar, bir anın içində təəssüratları heç olar.
Şəhərimiz həqiqətən də dünyanın ən təmiz guşələrindən biri hesab edilsə də Xətai rayonundakı bəzi məmurların məsuliyyətsizliyi, laqeyidliyi, səhlənkarlığı, harınlığı səbəbindən ümumi mənzərəyə kölgə salan hallara rast gəlirik.
Məhəmməd Hadi küçəsi ilə gedərkən yol boyu zibil əlindən tərpənmək olmur. Üfunət ətrafı bürüyüb. Səbəb odur ki, həmin küçənin keçdiyi ünvanlardakı zibil qutuları, yeşiklərini götürüblər.
Məişət tullantılarını atmağa bir qab, tara yoxdur. Gələn-gedən zibili yerə atır. Tədricən zibillər yığılıb. İy-qoxu aləmi basıb.
Qutuları götürmüsünüz, heç olmasa yerdə səpələnmiş tullantıları daşıyıb aparın. Onu da etmirlər. Həmin ərazidəki bələdiyyə sədri, üzvləri görəsən bu mənzərəni görüblər?

Sual icra hakimiyyətinə, ərazi üzrə mənzil istismarı idarəsinə də aiddir. Bələdiyyə ancaq qəbz göndərib torpaq haqqı, əmlak haqqı tələb etməyi bilir.
Vətəndaşın tələbi, rifahı sizin üçün heç nədir?
Necə ola bilər ki, aylarla zibillər üst-üstə yığılır, iy yayılır, amma Xətai rayonunun məmurları, bələdiyyə əməkdaşları bunu görmür, bilmirlər?
Axı məişət tullantılarının yığılıb daşınması üçün hər sakindən pul yığılır. Qutuları götürmüsünüz, heç olmasa təşkil edin zibil daşınsın.
Bəzi binaların zirzəmilərindən kanalizasiya suları küçəyə axıb zibillə qarışaraq ətrafı lap xarabazara çevirir.
Heç kim də fikir vermir. Oradan hər gün yaşlı, xəstə, uşaq da keçir.
Lap sağlam insan keçsin, o qoxunu qəbul edən istənilən an xəstəliyə yoluxa bilər. Elə bil bu rayonda bütün başbilənlər sözləşiblər ki, Məhəmməd Hadi küçəsinə baxılmasın.
Yəqin bələdiyyə sədri sakinlərin dözümlülüyünü yoxlayır, ya da bəlkə bələdiyyəyə pul ödəməyən vətəndaşları belə cəzalandırır. Hərdən fikirləşin ki, vətəndaş görəsən niyə pulu ödəmir?
Cavabı budur ki, bələdiyyənin fəaliyyəti hiss olunmur. İş görən bələdiyyələr olsa da bunu Xətai bələdiyyəsinə, konkret olaraq qeyd etdiyim ünvanda yerləşən bələdiyyəyə aid etmək olmaz.
Digər təşkilatların da cavabdehliyi var, amma bələdiyyə seçki ilə formalaşdığı üçün vətəndaşın qayğısına daha həssas olmalıdır.
Axı siz seçilməmişdən əvvəl yaxşı vədlər verirsiniz. Bələdiyyə yalnız gecəqondulara sənəd vermək üçün yaradılmayıb.
Qəribədir ki, qanuni iş görmək istəyənlərı imkan verilmir, amma qanunsuz əməlləri dəstəkləyirlər. Çünki ortada maddi maraq olur. Bəlkə zibil qablarının alınması üçün də sakinlər pul ödəməlidirlər.
Elədirsə, onu da deyin…
Sima Babayeva
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]