Ramiz Mehdiyevin oğlunun şirkəti bankrot oldu
20-10-2025, 09:18

Azərbaycanda nəşriyyat və mətbəə xidmətləri göstərən aparıcı şirkətlərdən biri olan "Şərq-Qərb” ASC dövlət qarşısında borca düşüb.
Bu barədə İqtisadiyyat.az kommersiya qurumlarının dövlət reyestrindən məlumat əldə edib.
Məlumata görə, "Şərq-Qərb” ASC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə 52 144 manat yığılmış vergi borcunun olduğu üzə çıxıb.
Qeyd edək ki, mətbuatda "Şərq-Qərb” nəşriyyat-poliqrafiya şirkətinin Prezident Administrasiyasının sabiq rəhbəri, bu günlərdə ağır cinayətlərdə ittiham olunaraq ev dustaqlığına məhkum edilən Ramiz Mehdiyevə aid olduğu bildirilir. "Şərq-Qərb” ASC-nin səhmlərinin 96%-i Ramiz Mehdiyevin oğlu, hazırda fövqəladə hallar nazirinin müavini vəzifəsində çalışan Teymur Mehdiyevə məxsusdur.
Kommersiya qurumlarının dövlət reyestri məlumatlarına əsasən, "Şərq-Qərb” ASC 2001-cü ildə dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi Əhmədov Oktay İskəndər oğludur. Şirkətin nizamnamə kapitalı 589 880 manat təşkil edir.

