Yüksək sürət, böyük risk: 5G ilə gələn 5 əsas təhlükə
28-10-2025, 16:24

Yeni nəsil 5G texnologiyası saniyələr içində film yükləmək, pilotsuz avtomobillər və ağıllı şəhərlərin idarəsi kimi futuristik imkanlar vəd edir. Lakin bu yüksək sürət, kiberhücumlar üçün də daha əvvəl görünməmiş miqyasda və sürətdə yeni təhlükələr yaradır.
Valyuta.az xəbər verir ki, "Bitdefender Antivirüs" məhsulunun Türkiyə distribütoru "Laykon Bilişim"in əməliyyat direktoru Alev Akkoyunlunun sözlərinə görə, 5G-nin memarlıq baxımından fərqli quruluşu kibertəhlükəsizlik mühitini kökündən dəyişdirir və həm fərdi istifadəçiləri, həm də müəssisələri yeni risklərə qarşı diqqətli olmağa çağırır.
4G texnologiyası bütün məlumat axınını mərkəzi "nüvə" üzərindən idarə edirdi. 5G isə "yazılımla müəyyən edilən şəbəkə" (SDN) və "kənar hesablamalar" (edge computing) kimi paylanmış texnologiyalardan ibarətdir. Bu quruluş məlumatların mərkəzi serverə getmədən istifadəçiyə yaxın nöqtələrdə emal edilməsinə imkan yaradır və gecikməni minimuma endirir. Lakin bu çeviklik eyni zamanda minlərlə zəif qorunan "kənar nöqtə"nin yaranmasına səbəb olur ki, bu da kiber cinayətkarlar üçün yeni hücum imkanları deməkdir.
Akkoyunlu vurğulayıb ki, 5G yalnız 4G-nin sürətli versiyası deyil, milyardlarla "əşyaların interneti" (IoT) cihazını bir-birinə bağlayacaq qlobal bir inqilabdır. Ancaq bu inqilab eyni zamanda hücum səthini də qat-qat genişləndirir:
"4G-nin mərkəzləşdirilmiş təhlükəsizlik divarlarının əksinə olaraq, 5G-nin proqram əsaslı və mərkəzsiz quruluşu hakerlər üçün çoxsaylı yeni giriş qapıları yaradır. İstifadəçilərin və şirkətlərin sürət həyəcanına qapılıb təhlükəsizliyi arxa plana keçirmək lüksü yoxdur."
5G ekosistemindəki beş əsas risk və onların qarşısını almaq üçün tədbirlər:
1.Milyardlarla zəif qorunan IoT cihazı. 5G ağıllı kamera və sensor kimi təhlükəsizlik səviyyəsi aşağı olan cihazları şəbəkəyə bağlayacaq. Bu riski azaltmaq üçün cihazların ilkin idarəçi şifrələri dəyişdirilməli və əsas şəbəkədən ayrı "qonaq şəbəkəsi"ndə saxlanılmalıdır.
2."Şəbəkə dilimləmə" (Network Slicing) riski. Hücumçular 5G şəbəkəsindəki ən zəif virtual bölmədən istifadə edərək daha kritik məlumat qatlarına sızmağa cəhd göstərə bilər. Şirkətlər bu riski azaltmaq üçün "Sıfır etimad" (Zero Trust) prinsiplərinə əsaslanan arxitekturaya keçməlidirlər.
3.Azalan görünürlük ("kölgə 5G"). İşçilərin ofis Wi-Fi əvəzinə 5G istifadəsi məlumat axınının korporativ nəzarətdən kənarda qalmasına səbəb olur. Bu "gizli" riski minimuma endirmək üçün müəssisələr uç nöqtə mühafizəsini gücləndirməli, istifadəçilər isə 5G ilə həssas əməliyyatlar apararkən VPN-dən istifadə etməlidirlər.
4.Daha sürətli kiberhücumlar. 5G-nin sürəti hakerlər üçün də üstünlük yaradır: daha böyük həcmdə DDoS hücumları təşkil oluna bilər və botnetlər rekord vaxtda yayıla bilər. Buna qarşı süni intellekt və davranış analizi əsaslı təhlükəsizlik sistemlərindən istifadə vacibdir.
5.Proqram asılılığı və təchizat zəncirində boşluqlar. 5G daha çox proqram təminatına söykəndiyi üçün təchizat zənciri hücumlarına qarşı zəifdir. Tək bir boşluq milyonlarla istifadəçiyə təsir edə bilər. Buna görə 5G dəstəkli bütün cihazlar (telefon, modem və s.) müntəzəm olaraq proqram yeniləmələri almalı və heç vaxt təxirə salınmamalıdır.

