Nərimanovda piyadaların hərəkət hüququ pozulur - FOTO
17-12-2025, 10:34

Nərimanov rayonu, İzzəddin Həsənoğlu küçəsində piyadaların hərəkəti üçün nəzərdə tutulmuş infrastruktur faktiki olaraq yararsız vəziyyətə salınıb.
Patrul.az-a verilən məlumata görə, səkinin bir hissəsi zəbt edilərək beton tökülüb və üzəri dəmir hasarla bağlanıb. Digər hissə isə küçə işıqlandırılması üçün quraşdırılan dirəklərlə tutulduğundan piyadaların bu ərazidən təhlükəsiz şəkildə keçidi mümkün deyil.
Mövcud vəziyyət xüsusilə uşaq arabası və əlil arabası ilə hərəkət edən şəxslər üçün ciddi problem yaradır. Səki ilə hərəkət imkanının olmaması onları məcburən avtomobillərin hərəkətdə olduğu yol hissəsinə çıxmağa vadar edir ki, bu da həm piyadaların həyatı üçün risklidir, həm də yol-nəqliyyat hadisələrinin başvermə ehtimalını artırır.
Qanunvericiliyə görə, piyadalar üçün nəzərdə tutulmuş səki sahələrinin zəbt edilməsi yolverilməzdir və bu cür hallara qarşı nəzarət mexanizmləri işlək olmalıdır. Lakin hazırkı vəziyyət göstərir ki, problemə vaxtında müdaxilə edilmir.
Aidiyyəti qurumların məsuliyyəti ondan ibarətdir ki, piyadaların təhlükəsizliyi təmin olunsun və səki əvvəlki funksiyasına qaytarılsın. Şəhər mühiti bütün vətəndaşlar üçün əlçatan olmalı, xüsusilə də uşaqlar və fiziki məhdudiyyətli şəxslər üçün təhlükə mənbəyinə çevrilməməlidir.

