" Əgər bu gün müəllimi də, şagirdi də məktəbdən narazıdırsa, o zaman nazirlik niyə var və orada çalışanlar niyə maaş alırlar? " deyə bilərdim, amma

17-12-2025, 12:48           
" Əgər bu gün müəllimi də, şagirdi də məktəbdən narazıdırsa, o zaman nazirlik niyə var və orada çalışanlar niyə maaş alırlar? " deyə bilərdim, amma
Elm və Təhsil naziri Emin Amrullayev'in REAL TV -yə verdiyi müsahibəni izlədim.
Həmişə olduğu kimi bu dəfə də nazirin fikirləri geniş müzakirə mövzusu olub.
Əslində, nazirin çıxışında sual doğuran və ya tam aydın olmayan bir neçə nüans olsa da, niyəsə hər kəsin fokuslandığı və ən çox müzakirə mövzusuna çevrilən "şagird yaxşı öyrənmirsə, müəllimə niyə maaş verməliyik?"- fikri olub.
Səmimi olsam, statuslarda gördüyüm bu cümlə (fikir) məndə də qıcıq yaratdı və hətta ilk olaraq, təxminən bu məzmunda bir status da özüm yazdım - əgər bu gün müəllimi də, şagirdi də məktəbdən narazıdırsa, o zaman nazirlik niyə var və orada çalışanlar niyə maaş alırlar?
Amma statusu paylaşmazdan əvvəl müsahibəyə baxmaq və nazirin bu fikri hansı kontekstdə səsləndirdiyini aydınlaşdırmaq istədim.
Məlum oldu ki, əslində məsələ heç də mən daxil olmaqla, bir çox insanın müsahibəyə baxmadan düşündüyü kimi deyil.
Ümumi kontekstdən gəldiyim qənaət bu oldu ki, söhbət heç də "yaxşı oxumayan şagirdin müəlliminə maaş verməyək" ifadəsinin hərfi mənasından yox, bugünkü cəmiyyətdə təfəkkürün dəyişməsindən gedir. Yəni, təfəkkürümüz dəyişməyincə, heç nə dəyişməyəcək və ya heç nəyi dəyişmək olmur.
Zənnimcə, paylaşdığım hissəni izləsəniz, özünüz də əmin olacaqsınız... Bəlkə də sizdə fərqli fikir yaranacaq, o da mümkündür.
Əslində müsahibədə #sualdoğuran daha ciddi məsələlər var, deyə düşünürəm...
Keçək, nazirin çıxışında #sualdoğuran və tam #aydınolmayan bəzi məqamlara:
Cənab nazir qeyd edir ki, müəllimlə repetitoru bir-birindən fərqləndirmək məntiqsizdir, çünki hər ikisi eyni insanlardır.
Zənnimcə, fikir baxımından Emin müəllim haqlı olsa da, reallıqda bu məntiq bir qədər fərqli görünür. Niyə?
Cənab nazir, cəmiyyət repetitorla müəllimi ona görə ayırır ki, nazirlik heç vaxt bu faktla razılaşmasa belə, əksər məktəblərdə bir çox müəllimlər məhz repetitorluq fəaliyyəti ilə məşğul olduqları üçün sinifdə uşaqlara lazımi səviyyədə dərs keçmirlər, tədrisə ciddi yanaşmırlar.
Hətta valideynlərə “onsuz da uşaq evə gələcək, məktəbdə əlavə enerji sərf etməyə ehtiyac yoxdur” kimi “dəyərli” məsləhətlər verməkdən belə çəkinməyən repetitor-müəllimlər də, yuxarı sinif şagirdlərinin repetitor yanına getməsi səbəbilə dərsə gəlməməsi üçün məktəb rəhbərliyi ilə “razılığa gələn” valideynlərin sayı da kifayət qədərdir.
Cənab nazir, hər kəsin evindən məktəbə uşaq gedir. Yəni bu faktların mövcudluğunu hər kəs deyə bilər və əminəm ki, siz də bu problemlərdən xəbərsiz deyilsiniz.
Aydındır ki, bu problemləri iddia adlandırıb sübut tələb etmək haqqınız da var. Amma o sübutları ortaya qoymaq istəyənlər yoxdur. Çünki valideynlər də bu əyriliklərdə az rol oynamırlar və orda-burda nə qədər şikayət etsələr də, reallıqda indiki durum, ilk növbədə onların öz işlərinə yarıyır, onları qane edir- bunu sözdə inkar etsələr belə.
Bu da səbəbsiz deyil. Aydındır ki, bu gün ən asan məsələ, şəxsi məsuliyyəti hansısa formada başqasının üzərinə yükləməkdir. Valideynlərin əksəriyyəti hesab edir ki, onların əsas işi repetitor tutmaq, ona pul verməkdir ki, uşaq ali məktəbə daxil olsun. Vəssalam.
Əgər alınmasa, günahkar bir uşaqdır, bir də repetitor. Son sözləri də ən yumuşaq halda bu olur: "Boğazımdan kəsib müəllimlərinə o qədər pul tökmüşdüm. Başqa neyləməliydim?" Bununla da valideynin missiyası tamamlanmış sayılır.
Yəni, repetitor-müəllim məsələsi, göründüyündən də dərindir. Elə buna görə də sizin “məntiqsiz yanaşma” kimi dəyərləndirdiyiniz mövqe formalaşır.
#İkinci məsələ:
Cənab nazir bildirdi ki, ali təhsil nə qədər çox əlçatan olarsa, zamanla ona maraq bir o qədər azalacaq. Hamı ali təhsil almalı və bu məcburiyyəti hiss etməli deyil.
Əslində, bu fikirlə mən də razıyam. Xüsusilə peşə məktəbləri ilə bağlı danışarkən əmək bazarının tələblərinə diqqət yetirilməsi, peşə seçimində müasir bazarı təmin edəcək kadrların hazırlanması məsələsi, hamı ali təhsil almalı deyil, fikrini daha da gücləndirdi.
Bu söhbətdə mənim üçün #qaranlıq qalan #sual bu oldu: “Ali təhsil hər kəs üçün əlçatan olmalıdır” deyərkən nazir konkret olaraq nəyi nəzərdə tuturdu? Balların azaldılmasını?
Əgər elədirsə, deyək ki, 5–10 il ərzində elə bir şərait yaradıldı ki, hər kəs ali məktəbə aşağı balla daxil olub diplom ala bildi, amma real mütəxəssis ola bilmədi. Bu halda həmin diplomluların əmək bazarında yeri necə müəyyənləşdiriləcək?
#Üçüncü əsas məsələ.
Emin müəllim bölgələrdəki kənd məktəblərinin vəziyyətindən danışarkən bir sıra problemlərə aydınlıq gətirdi və təxminən belə bir fikir səsləndirdi: təsəvvür edin ki, şagird məktəbə gedir və cəmi bir və ya iki sinif yoldaşı var. Uşaq sosiallaşa bilmir, müəllim keyfiyyətli tədris prosesi qura bilmir və s. Ardınca isə qeyd edir ki, şagird sayı bu qədər az olan məktəblərdə #onlayn təhsilə keçid planlaşdırılır və bu baş verəcək.
Bəlkə də mən nəyisə düzgün anlamadım, mümkündür. Amma cənab nazirin bu iki fikri arasında #ziddiyyətin mahiyyətini başa düşməkdə çətinlik çəkirəm.
Belə çıxır ki, əgər hansısa ucqar kənddə bu gün şagirdlərin azlığı səbəbindən sosiallaşma və tədrisin keyfiyyəti ilə bağlı problemlər varsa, ən uyğun çıxış yolu, həmin uşaqları ümumiyyətlə məktəbə gedib-gəlmək imkanından məhrum etməkdir? Bu addım onların cəmiyyətdən təcrid olunması, şagird olmaq hüquqlarının əlindən alınması demək deyilmi?
Doğrudanmı düşünürsünüz ki, dövlət vəsaiti xərcləndiyi üçün ucqar kəndlərdə çıxış yolu yalnız internet üzərindən onlayn təhsildir? Bu halda şagird daha çox sosiallaşmış olur? Yoxsa, həmin şagirdlərə dərs deyəcək müəllimlər daha keyfiyyətli tədris aparmış hesab olunurlar?...
Rayon mərkəzlərinə qonaq gedəndə bəzən normal internet tapmaq mümkün olmur, o ki qala onlayn dərs keçmək.
Bir daha qeyd edirəm, ola bilsin ki, mən nəyisə düzgün anlamamışam. Amma bu sualların cavabı olduqca maraqlıdır və #deməsəm olmazdı.
Aziza Ismailova
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]