İtkilər, zorakılıq, müharibə – Travmanın görünməyən yaraları
17-12-2025, 16:18

İnsan həyatında elə travmatik hadisələr olur ki, onların əlamətləri uzun illər davam edir və fərdin psixoloji durumuna ciddi şəkildə təsir göstərir. Yaxın insanın itirilməsi, uşaqlıq dövründə yaşanan ağır hadisələr, zorakılıq, müharibə, qəza və ağır xəstəliklər insanın təkbaşına dəf etməkdə çətinlik çəkdiyi ən ağır travmalar sırasında yer alır.
Neyropsixoloq Aytəkin Aslan Sfera.az-a açıqlamasında bildirib ki, fiziki və psixoloji olaraq insan həyatında dərin mənfi izlər buraxan bütün hadisələr travma hesab olunur.
Onun sözlərinə görə, travma adətən gözlənilməz anda baş verən və insanın ona qarşı hazırlıqlı ola bilmədiyi güclü psixoloji zərbədir:
“Uşaqlıq dövründə istismar və laqeydlik, sevilən şəxsin itkisi, təbii fəlakətlər, müharibə, uzunmüddətli təhlükə halları, eləcə də boşanma, ailədaxili zorakılıq, yol qəzaları, ani xəstəlik və ölümlər fərdi travmalara daxildir. Müharibə, terror aktları, genişmiqyaslı iqtisadi böhranlar isə ictimai travmalar kimi xarakterizə olunur”.
Neyropsixoloq qeyd edib ki, travmatik hadisələr major depressiv pozuntu və travma sonrası stress pozuntusu (TSSP) riskini əhəmiyyətli dərəcədə artırır:
“Travmanın emosional təsirləri apatiya, passivlik, özünütənqid, səbəbsiz aqressiya, günahkarlıq hissi və sosial təcrid meyli ilə müşayiət oluna bilər. Fiziki səviyyədə isə yuxu pozuntuları, immun sisteminin zəifləməsi və xroniki xəstəliklərin kəskinləşməsi müşahidə edilir”.
Müsahibimiz vurğulayıb ki, travmanın təsiri onun hansı inkişaf mərhələsində yaşanmasından ciddi şəkildə asılıdır:
“Neyropsixologiyada bu, “inkişaflı həssas dövrlər” anlayışı ilə izah olunur. Erkən uşaqlıq dövründə yaşanan travmalar emosional tənzimləmə, təhlükəsizlik hissi və özünüdəyər mexanizmlərinin formalaşmasına birbaşa təsir göstərir və yetkinlik dövründə depressiya riskini artırır. Yeniyetməlik dövründə baş verən travmalar şəxsiyyətin formalaşmasına, özünə münasibətə və gələcək gözləntilərinə mənfi təsir edə bilər. Yetkinlik dövründə isə travmalar beynin təhlükə emal sistemini pozaraq davamlı gərginlik, yuxusuzluq və diqqət problemlərinə səbəb ola bilər. Qeyd edilməlidir ki, bu reaksiyalar ilkin mərhələdə beynin qoruyucu mexanizmləri kimi formalaşır, lakin uzunmüddətli olduqda psixopatoloji əlamətlərə çevrilə bilər”.
A. Aslanın sözlərinə görə, neyropsixoloji tədqiqatlar beynin plastikliyini vurğulayaraq travmanın təsirinin dəyişdirilə biləcəyini göstərir:
“Travma yönümlü psixoterapiya, emosional tənzimləmə bacarıqlarının inkişafı və təhlükəsizlik hissinin bərpası bu prosesdə mühüm rol oynayır. Nəticə etibarilə, travma silinən bir xatirə deyil, beyində iz buraxan bir təcrübədir. Sağalma isə bu izlərin yenidən emal olunması və travmanın insanın psixoloji sisteminə inteqrasiyası prosesidir. Elmi yanaşmaya görə travmadan sağalma mərhələli, lakin xətti olmayan bir prosesdir və fərdi xüsusiyyətlərdən asılı olaraq dəyişir. Əsas şərt isə zamanında mütəxəssisə müraciət etməkdir”.
Niyaz Hacıyev
Sfera.az

