"Heç vaxt işləməyən qadın pensiya ala bilməz" - İqtisadçıdan SƏRT AÇIQLAMA

23-12-2025, 11:14           
"Heç vaxt işləməyən qadın pensiya ala bilməz" -
Qərara əsasən, 2026-cı ilin 1 iyul tarixindən etibarən qadınlar üçün pensiya yaşı 6 ay artırılaraq 64 yaş 6 aydan 65 yaşa çatdırılacaq.

Uzun müddətdir ki, qadınların pensiya yaşının azaldılması ilə bağlı müzakirələr aparılsa da, məsələ qanunvericilik səviyyəsində öz həllini tapmayıb.

Bəs heç bir yerdə işləməyən qadınların sosial təminatı necə həyata keçiriləcək?

Mövzu ilə bağlı Patrul.az-a danışan Crypto Consulting MMC-nin direktoru, UNEC Biznes Məktəbinin müəllimi, iqtisadçı Elnur Quliyev bildirib ki, Azərbaycanda əmək pensiyası almaq üçün iki əsas şərt var:

“Pensiya yaşına çatmaq və sosial sığorta stajı və ya kapitalına sahib olmaq. Heç vaxt rəsmi işləməyən, sosial sığorta ödəməyən qadın əmək pensiyası hüququ qazana bilmir. Burada yaşın 63, 64 və ya 65 olmasının praktiki fərqi yoxdur. Sistem yaşa yox, sığortaya baxır. Odur ki, işləməyən qadınların sosial təminatı pensiya yox, sosial müavinət üzərindən həyata keçirilir”.

İqtisadçının sözlərinə görə, heç vaxt rəsmi işləməyən və sosial sığorta ödəməyən qadınlar pensiya hüququ qazana bilmədikləri üçün yalnız yaşa görə sosial müavinətlə təmin edilirlər:

“Bu müavinət isə pensiyadan xeyli aşağıdır və minimum sosial ehtiyacları qarşılamaq məqsədi daşıyır.

Pensiya yaşının artırılması belə qadınların sosial təminata çıxışını faktiki olaraq gecikdirir və onların ailə üzvlərindən asılılıq müddətini uzadır. Problem pensiya yaşında deyil, evdar və qeyri-rəsmi çalışan qadınların sosial sığorta sistemindən kənarda qalmasındadır”.

E.Quliyev hesab edir ki, bu məsələnin həlli üçün evdar qadınlara sığorta mexanizmlərinin yaradılması və sosial müavinətlərin real yaşayış minimumuna yaxınlaşdırılması zəruridir.

Ləman Sərraf












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]