Avtomobil niyə hələ də status simvolu kimi qəbul olunur? – Psixoloji baxış və şəhərlərin gələcəyi

27-12-2025, 15:14           
Avtomobil niyə hələ də status simvolu kimi qəbul olunur? –
Avtomobil sahibi olmaq uzun illər ərzində yalnız nəqliyyat vasitəsi deyil, sosial status və uğurun göstəricisi kimi qəbul edilib.

Sosial psixoloq və Psixopedaqoq Pərvanə Qasımova, bildirib ki, bu düşüncənin kökləri insanların gündəlik seçimlərinə bu gün də təsir göstərən tarixi və psixoloji faktorlarla bağlıdır.

“Sovet dövründə şəxsi avtomobilə sahib olmaq nadir imkan idi. Avtomobil yalnız rahatlıq deyil, etibar, sosial mövqe və cəmiyyətdə fərqlənmək anlamına gəlirdi. Bu yanaşma kollektiv şüurda dərin iz buraxdı və “avtomobil = uğur” formulu nəsildən-nəsilə ötürüldü”, – Pərvanə Qasımova qeyd edib.

Bu gün isə reallıq tamamilə fərqlidir. Avtomobillər artıq nadir deyil, əksinə şəhərlərin əsas problemlərindən birinə çevrilib — tıxaclar, səs-küy, stress və itirilən vaxt gündəlik həyatın ayrılmaz hissəsidir. Buna baxmayaraq, bir çox insan avtomobil sahibi olmağı hələ də psixoloji təhlükəsizlik və müstəqillik kimi dəyərləndirir.

“Bolt” şirkəti tərəfindən Mərkəzi və Şərqi Avropa (CEE) şəhərlərində keçirilən “Friendly City Index” sorğusunun nəticələri bu mövzuda maraqlı və ziddiyyətli mənzərə ortaya qoyur. Sorğuya əsasən, respondentlərin 74,5%-i şəhərdə avtomobil sahibi olmağın özünü doğrultduğunu düşünür. Bununla yanaşı, 71% iştirakçı daha az avtomobili olan şəhərin yaşamaq üçün daha xoş bir məkan olacağı fikri ilə razılaşır.

Bu göstəricilər, Pərvanə Qasımovanın fikrincə, insanların düşüncəsində daxili ziddiyyəti açıq şəkildə göstərir.

“İnsanlar avtomobilə sahib olmağı rasional və emosional baxımdan hələ də dəyərli hesab edirlər. Eyni zamanda isə daha sakit, stresssiz və insan mərkəzli şəhər mühitinə ehtiyac duyduqlarını artıq açıq şəkildə etiraf edirlər”, – deyə Pərvanə Qasımova vurğulayıb.

Sorğunun digər diqqətçəkən nəticəsinə görə CEE regionu üzrə respondentlərin 52%-i şəhərlərdə daha çox yaşıllıq zonasına ehtiyac olduğunu bildirir — hətta bu, parkinq yerlərinin azaldılması bahasına baş versə belə. Bu fakt şəhər sakinlərinin prioritetlərinin avtomobil rahatlığından həyat keyfiyyətinə doğru dəyişdiyini göstərir.

Avropa şəhərlərində bu transformasiya artıq daha aydın görünür. Orada avtomobil status simvolu deyil, sadəcə bir hərəkət vasitəsidir. Əsas dəyər rahatlıq, çeviklik, davamlılıq və yaşıl şəhər mühitidir. Azərbaycanda isə bu dəyişiklik mərhələli şəkildə baş verir, lakin istiqamət eynidir.

Pərvanə Qasımova hesab edir ki, əsas dəyişiklik avtomobildən tam imtina deyil, sahibliyindən asılılığın azalmasıdır:

Oxumağa dəyər: "Banklar və bəzi qurumlar bazar günü işləsin" - Tıxacın həlli üçün təklif
“Azadlıq avtomobilə sahib olmaqla yox, istədiyin anda rahat və stresssiz hərəkət edə bilməklə ölçülür. İnsanlar bunu dərk etdikcə, seçimlər də tədricən dəyişir”.

Bu baxımdan ictimai nəqliyyat, micromobillik həlləri (velosiped və elektrik skuterləri), eləcə də paylaşılan mobillik modelləri (shared mobility) — o cümlədən taksi xidmətləri və nəqliyyat vasitələrindən sahiblik olmadan istifadə formatları — insanlara sahibliyin yaratdığı maliyyə və psixoloji yük olmadan eyni azadlıq hissini yaşamaq imkanı verir.

Bəlkə də ən maraqlısı budur: insanlar artıq avtomobilsiz və ya daha az avtomobilli şəhərin daha yaşanıqlı olduğunu düşünür — sadəcə bu düşüncəni davranışa çevirməyə bir addım qalır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]