METRO GİRİŞLƏRİNDƏ NİYƏ SIXLIQ YARANIR?
27-12-2025, 12:24

Metro stansiyalarının turniketlərə giriş yerlərində qapıların çoxunun bağlı saxlanması artıq son illərin adətinə çevrilib.
Bunu adətən sərnişinlərin çantalarını, yüklərini yoxlaya bilməklə əlaqələndirirlər. Amma düşünmürlər ki, belə etməklə metronun işinə əngəl olur, sıxlıq yaradırlar. Bu xüsusən də pik saatlarda metro qapıları qarşısında insan tıxacına səbəb olur.
Hərdən hansısa polis əməkdaşı insaflı çıxaraq “çantasızlar başqa qapıya yaxınlaşsınlar” deyir. Çox vaxt heç onu da demirlər.
Elə stansiyalar da var ki, iki ədəd yoxlama qurğusu quraşdırılıb. Məsələn, metronun “Elmlər Akademiyası” stansiyasının girişində iki belə avadanlıq var. Lakin biri qoşulub.
Qapılar da digər stansiyalarda olduğu kimi qapadılır. Yalnız ikisi açıq qoyulur. Bu stansiyanın xidmətindən istifadə edən əhali kontingentini göz önünə gətirsəniz, vəziyyəti təsəvvür edə bilərsiniz.
Adından da göründüyü kimi bu zonada Milli Elmlər Akademiyasının əsas korpusu, müxtəlif institutları, Bakı Dövlət Universiteti, tələbə şəhərciyi, Texniki Universitet, Memarlıq və İnşaat Universiteti və adını çəkmədiyim neçə təhsil müəssisəsi, digər təşkilatlar, yaşayış məhəllələri var.
Gün ərzində əhalinin ən çox gəlib-geetdiyi mərkəzi məkanlardan biridir. Çox adam da metronun xidmətindən istifadə edir. Qapıları bağlayıb bir-ikisini açıq qoymaqla guya təhlükəsizliyi qoruyurlar, amma digər tərəfdən də narazılıq, süni gərginlik yaradırlar.
Metropoliten rəhbərliyi bu məsələni həll etməlidir. Belə davam edə bilməz. Xidmət keyfiyyətinin artırılması deyərək hər il 10 qəpik gedişhaqqını artırırsınız, amma xidmətin keyfiyyətinin bir dəyişiklik hiss olunmur.
Xidməti belə şeylərdən başlamaq lazımdır. Metropolitenin kandarından artıq sərnişinləri narazı salırsınız. Narazı kütlə isə ən böyük təhlükədir. Bunun da səbəbkarı sizsiniz.
Sima Babayeva
TEREF

