İRİA-nın qeyri-səmimi açıqlaması
29-12-2025, 17:24

Bu gün yazdıqlarımla bağlı İRİA açıqlama yayıb.
Əslində faydalı bir məlumatdır. Ən azı reaksiya vermək baxımından da önəmlidir.
Sadəcə baş verənləri , yəni iki gün öncə qəbul etdikləri absurd qərarla vətəndaşların məlumatlarının , onların razılığı olmadan kütləvi olaraq biznesə ötürülməsi riskini "heç nə olmayıbmış" kimi təqdim etmək bir qədər təəssüf doğurur .
Xatırladıram ki, İRİA iki gün öncə myGov-da vətəndaşların məlumatlarının bütün şirkətlər tərəfindən sorğulanması imkanını hamı üçün aktiv etmişdi. Əvvəllər bu deaktiv vəziyyətində idi. Yəni vətəndaşın razılığı olmasa heç bir şirkət vətəndaşın məlumatlarını sorğulaya bilməzdi.
Baş verənlər isə dünya praktikasında görünməmiş bir hal idi.
Açıq deyim, bu vəziyyətin fərqində olanlar, hətta vəzifəlilər, rəsmilər, şirkət rəhbərləri myGov-a daxil olaraq hansısa DAMBADURUM MMC-lərin onların şəxsi məlumatlarını sorğulamaq imkanlarını deaktiv etməklə məşğul idilər .
Bu gün günorta saatlarında müşahidə etdim ki, İRİA problemi aradan qaldırıb, yenidən bütün icazələr deaktiv rejimə keçirilib.
Mexanizmin deaktiv edilməsi göstərdi ki, atılan addım yumşaq desəm yanlış, ağlasığmaz olub.
Lakin bunu “heç nə olmayıb” kimi təqdim etmək , xeyli sayda rəsmi şəxslərin və vətəndaşların, qurumların bundan xəbərdar olduğu halda "vətəndaşın razılığı olmadan sorğulanmanın mümkün olmadığı" kimi ifadəsini işlətmək qeyri-səmimilikdir.
Bunun əvəzinə, çox faydalı bir resurs olan myGov-la bağlı yanlış yanaşmanın açıq şəkildə qəbul edilməsi, təkrarlanmaması üçün addımlar atıldığını, belə absurd qərarları qəbul edənlərə qarşı tədbir görüldüyünü qeyd etmək dövlət sistemlərinə etimadı daha da gücləndirərdi.
Rəqəmsal hökumət yalnız texnologiya yox, həm də şəffaflıq və səmimiyyət üzərində qurulmalıdır. Ümid edirəm ki, bu hadisə gələcəkdə belə riskli “eksperimentlərdən” əvvəl daha geniş müzakirələrə səbəb olacaq.
Osman Gunduz
TEREF

