Məhkəmənin məhkəməyə müraciətə qadağasına MHŞ niyə qiymət vermir?
29-12-2025, 16:56

Bakı İnzibati Məhkəməsinin sədri Araz Hüseynov dəftərxana müdiridir?
Bu günlərdə Prezident sərəncamı ilə bir sıra məhkəmələrə sədrlər və hakimlər təyin olunub. Bakı İnzibati Məhkəməsinin (BİM) sədrinin haqqında dövlət başçısının buyruğunda heç bir söz yoxdur. Eləcə hakimlərin təyin edilməsi, digər məhkəmələrdən yerdəyişmələr qüvvəyə minib. Yeri gəlmişkən, Nərimanov məhkəməsinin iddianın mümkün sayılmaması haqqında inzibati məhkəmə qərardadını qanuni qüvvəyə minmiş mülki məhkəmə qətnaməsi kimi preyudisial akt- Konstitusiya qərarı sayan hakimi Ramin Quliyev Bakı İnzibati Məhkəməsinə təyinat alıb. Məhkəmə Hüquq Şurası qərardadla qətnamənin ayrıntısını bilməyən hakimin yerinin məhkəmə kürsüsü olmadığını bilmir? Bakıda inzibati mübahisələrə baxmaqda inhisarçı mövqe tutan BİM-in kənardan qeyri-prosessual sifarişdən savadsız, qərəzli hakimlərlə “zənginləşdirilməsi” insan hüquq və azadlıqlarına zərbədən özgə bir şey deyil.
Məhkəmə inhisarçılığından söz düşmüşkən, inzibati məhkəmə qərarlarının icrasının təmin edilməsi qərarı çıxaran birinci instansiya məhkəməsinin xidməti vəzifə borcudur. Qanunvericiliyin tələbinə əsasən, tələbkar ərizə vermədikdə belə məhkəmə xidməti vəzifəsinə görə icra haqqında qərardad çıxarmalı, icra sənədi verməklə icranı səlahiyyətli orqana (Ədliyyə Nazirliyinə-M. B.) tapşırmalıdır. Bakı İnzibati Məhkəməsi isə nəinki xidməti vəzifəsini icra edir, əksinə, tələbkarın verdiyi ərizələrin qəbulundan imtina edir. (?) Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi Konstitusiyanın özündən imtina edilməsi deməkdir. Tələbkar tam hüquqsuz, çıxılmaz durumdadır. Borclu inzibati orqan- ƏƏSMN özbaşınalıqla dövlətin adından çıxarılan məhkəmə qərarını “ləğv edib”, icrasını 8 ildən sonra dayandırıb, qərarı çıxaran Bakı İnzibati Məhkəməsi isə borclunun sifarişi ilə məhkəməyə müraciətə də qadağa qoyub.

Bütün qurumlar məhkəmələrin özbaşınalığına Məhkəmə Hüquq Şurasının (MHŞ) qiymət verməli olduğunu bildirir, tələbkarın şikayətlərini aidiyyatı üzrə Şuraya ünvanlayırlar. MHŞ isə məhkəmə sədrlərinin qeyri-prosessual sifarişi ilə şikayətlərə baxmır. Tələbkarın çıxılmaz durumuna baxın, qərarı çıxaran Bakı İnzibati Məhkəməsi ərizələrinin qəbuluna qadağa qoyub, Məhkəmə Hüquq Şurası isə şikayətlərinə baxılmasına.
Məhkəməyə hansı yolla daxil olmasından asılı olmayaraq ərizələrin qəbulundan imtina edilməsi, qeydə alınmayıb gizlədilməsi cinayət xarakterli hərəkətdir və bu hərəkət məhkəmə sədrinin razılığı və birbaşa göstərişi olmadan edilə bilməz! Bakı İnzibati Məhkəməsinin sədrinin borclu ƏƏSMN-in rüşvət sifarişini Konstitusiyadan üstün tutmasından MHŞ-ya (çoxillik) şikayətlərə “baxan” sektor müdiri Kərəm Hüseynli öncə eleltron kabinetin yalnız iddia ərizələrinin verilməsi üçün nəzərdə tutulduğunu BİM-ə istinadla vurğulayıb. “Elektron məhkəmə” sisteminin tətbiqini MHŞ-nın həyata keçirdiyini diqqətə çatdıranda isə 26.12.2025-ci il tarixli məktubla sektor müdiri şikayəti “Bakı İnzibati Məhkəməsinin dəftərxana müdiri tərəfindən barənizdə çıxarılmış qərarların və ərizələrin surətlərinin Sizə təqdim edilməməsindən” müraciət şəklində saxtalaşdırıb. Axı tələbkar şikayətində barəsində çıxarılmış qərarların və ərizələrin surətinin təqdim edilməməsindən yox, məhkəməyə təqdim etdiyi ərizələrin qəbul edilməməsindən, qeydə alınmamasından, icraya qadağa qoyulmasından şikayət edir! Özü də bu özbaşınalığın məhkəmə sədrinin göstərişi ilə edildiyini vurğulayır. MHŞ hansı əsasla və səlahiyyətlə şikayəti saxtalaşdırır? Bəlkə Bakı İnzibati Məhkəməsinin sədri dəftərxana müdiri təyin olunub, ya hər iki vəzifəni tutur? İstənilən haıda, şikayətin əsasını məhkəməyə müraciətə, məhkəmə qərarının icrasına qadağa qoyulması təşkil edir. Məhkəməyə müraciətə , məhkəmə qərarlarının icrasına qadağa Konstitusiyaya qadağa olduğundan nə BİM sədri və dəftərxana müdirinin, nə MHŞ-nın sektor müdirinin , heç kəsin gücündə deyil. Necə deyərlər, qüvvə Konstitusiyadadır, başqa heç bir qüvvə, güc Konstitusiyadan üstün ola bilməz.
... Konstitusiya Məhkəməsinə məhkğmənin məhkəməyə müraciət etmək hüququna qadağasından şikayət verilib. Görək 31 yaşına keçən ANA QANUNa qadağaya qiymət veriləcək, yoxsa ...
Məğrur Bədəlsoy
Gundemxeber

