Naxçıvan Təhsili nə etməyə çalışır??? Xaos davam edir...
Bu gün, 15:18

Naxçıvan MR Elm və Təhsil Nazirliyinin son addımları artıq sadəcə qərar yox, açıq şəkildə sistemsizliyin və məsuliyyətsizliyin göstəricisinə çevrilib. Heç bir hazırlıq mərhələsi olmadan, heç bir şəffaflıq təmin edilmədən və ən əsası – pedaqoji reallıqlar nəzərə alınmadan birdən-birə sertifikasiya imtahanlarının keçirilməsi qərarı verilir.
Tehsilmedia.az qeyd edir ki, bu qərarın ən problemli tərəfi isə vaxtın düzgün seçilməməsidir.
Tədris ili hələ bitməyib, müəllimlər tədris prosesinin içindədir, amma buna baxmayaraq cəmi 4 gün ərzində – 2, 3, 10 və 11 may tarixlərində bütün fənlər üzrə sertifikasiya imtahanı keçirilməsi planlaşdırılır. Bu, nəinki qeyri-real, həm də açıq şəkildə təhsil prosesinə hörmətsizlikdir.
Daha da təəccüblüsü odur ki, Naxçıvan bu il Azərbaycanda keçirilməmiş və bu il keçirilməsi nəzərdə tutulan fənlər – texnologiya, tarix, gənclərin çağırışaqədərki hazırlığı, təsviri incəsənət, fiziki tərbiyə üzrə də imtahan təşkil edir. Bu nə deməkdir? Bu, ya ümumi sistemdən xəbərsizliyin, ya da bilərəkdən fərqli və əsassız yol seçilməsinin göstəricisidir.
Ən ciddi suallardan biri isə bazanın olmamasıdır. Naxçıvanın sertifikasiya üçün müstəqil sual bazası yoxdur. Bu halda suallar haradan gələcək? Məcburən ARTİ-nin materiallarından istifadə olunacaq? Əgər belədirsə, bu artıq vahid sistemə qeyri-rəsmi müdaxilə və ya koordinasiyasızlıq deməkdir. Əgər yoxdursa, o zaman bu imtahanların keyfiyyəti və obyektivliyi necə təmin ediləcək?
Digər tərəfdən, 11 may tarixində keçiriləcək imtahanların Azərbaycanda yalnız iyun ayı üçün planlaşdırılması faktı var. Bu isə açıq şəkildə onu göstərir ki, Naxçıvanda qərarlar ya tələsik verilir, ya da ümumi təhsil siyasəti ilə uzlaşdırılmır.
Əgər Azərbaycan təhsili sistemi ilə uyğunlaşmaq istəyirsinizsə, ən azından iyunda eyni zamana sala bilərdiniz. Yoxsa xüsusi adamlarla xüsusi iş gedəcəksə, onu deyə bilmərik.
Ən narahatedici məqam isə budur: bu qədər ciddi bir proses – müəllimlərin taleyinə birbaşa təsir edən sertifikasiya – nə planlama, nə infrastruktur, nə də metodoloji baza olmadan həyata keçirilir.
Bu artıq sadəcə yanlış qərar deyil. Bu, müəllimlərə qarşı ədalətsizlik, təhsil sisteminə qarşı məsuliyyətsizlik və idarəetmədə ciddi boşluğun göstəricisidir.
Naxçıvan Təhsil Nazirliyi bu addımları ilə sübut edir ki, tələsik və əsassız qərarlar yalnız xaos yaradır. Təhsil isə xaosu yox, sistemli yanaşmanı tələb edir.

